BAKI VƏ KİYEV ŞƏHƏRLƏRİ ARASINDA QARDAŞLAŞMA HAQQINDA NİYYƏT PROTOKOLU İMZALANIB

Sentyabrın 10-da Ukrayna paytaxtında Bakı və Kiyev şəhərləri arasında Qardaşlaşma haqqında niyyət protokolu imzalanıb.

Niyyət protokolunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Kiyev şəhərinin meri Vitali Kliçko imzalayıblar.

İmzalanma mərasimindən əvvəl çıxış edən Vitali Kliçko bildirib ki, Bakı olduqca surətlə inkişaf edir. Azərbaycan paytaxtında möhtəşəm layihələr gerçəkləşdirilib.

“Biz Bakıda həyata keçirilən bəzi müasir layihələri öyrənərək Kiyevdə tətbiq edirik. Ümid edirəm ki, yaxın gələcəkdə Bakıya növbəti səfərim zamanı yeni maraqlı layihələrin şahidi olacağam”, – deyə Vitali Kliçko əlavə edib. Kiyev meri vurğulayıb ki, yeni niyyət protokolu iki şəhər arasında iqtisadi, ticarət, mədəniyyət, turizm sahələrində əməkdaşlığı daha da gücləndirəcək.

Qonaqpərvərliyə görə Kiyev şəhərinin merinə təşəkkürünü bildirən Eldar Əzizov qeyd edib ki, yeni niyyət protokolu iki şəhər arasında əlaqələri yeni müstəviyə çıxaracaq. O deyib: “Bakı və Kiyev şəhərləri arasında əməkdaşlığın inkişafı bizi sevindirir. Ukrayna paytaxtında da maraqlı layihələr həyata keçirilir, biz bu təcrübəni öyrənirik”.

Qarşılıqlı maraq doğuran digər məsələlərin də müzakirə olunduğu görüşdə Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova da iştirak edib.

Qeyd edək ki, Bakı və Kiyev şəhərləri arasında Qardaşlaşma haqqında niyyət protokolunadək iki şəhər arasında 1997-ci ildə imzalanmış əməkdaşlığa dair saziş mövcud olub.