
Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin noyabrın 21-22-də Bakıya həyata keçirdiyi səfər Cənubi Qafqazda post-müharibə dönəminin ən simvolik hadisələrindən biri hesab oluna bilər. Bu səfər təkcə iki ölkə cəmiyyətlərinin ilk dəfə birbaşa ünsiyyət imkanı qazanması deyil, həm də regionda siyasi narrativlərin dəyişməkdə olduğunun göstəricisidir. Lakin eyni zamanda, bu proses İrəvanda revanşist dairələrin narahatlığını artırıb, çünki dialoq nə qədər genişlənirsə köhnə siyasi tezislərin dayanıqlılığı bir o qədər zəifləyir.
Ermənistan nümayəndə heyətinin üzvü Areq Koçinyanın Bakı səfərindən sonra verdiyi açıqlama Azərbaycanın regiona dair strateji baxışını bir daha təsdiqləyir. Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin onunla görüşdə dediyi ən mühüm tezis belədir: “Bakı üçün müharibə başa çatıb”. Bu fikir bir neçə məqamı özündə ehtiva edir. Birincisi, Azərbaycan post-müharibə təhlükəsizliyinə artıq siyasi deyil, institusional məsələ kimi baxır, hərbi-siyasi mərhələni tamamladığını və regionda yeni nizam qurmaq niyyətində olduğunu nümayiş etdirir. Bakı üçün bu gün mübahisədən daha çox dayanıqlı sülh razılaşması prioritetdir. İkincisi, “qeyri-müharibə” vəziyyətindən dialoqa keçid təşviq edilir. Koçinyanın sözlərinə görə, Hacıyev açıq şəkildə bildirib ki, Azərbaycan cəmiyyəti Ermənistanla uzunmüddətli və hərtərəfli sülh istəyir. Bu, Bakının həm siyasi, həm də sosial sferada normallaşma xəttini gücləndirdiyini göstərir. Üçüncüsü, Azərbaycanın ərazi iddiasının olmaması mesajı yenidən və qəti şəkildə vurğulanıb. Bu açıqlama İrəvan daxilində manipulyativ şəkildə yayılan “Azərbaycan Zəngəzuru istəyir” tezisinin əsassızlığını ortaya qoyur. Bakı öz təhlükəsizlik konsepsiyasını ekspansiya deyil, sərhədlərin tanınması və kommunikasiyaların açılması üzərində qurur.
Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin bu səfəri “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində baş tutub. Bu cür platformalar müharibə sonrası bölgələrdə etimad quruculuğunun ən effektiv mexanizmidir. Belə ki, tərəflər bir-birinin ictimai mühitini öyrənir, dezinformasiyaların zəifləməsinə şərait yaranır, ekspertlər və analitiklər real vəziyyəti yerində görür, humanitar əlaqələr siyasi konyukturadan asılı olmadan inkişaf edir. Azərbaycanın bu diplomatik yanaşmanı dəstəkləməsi onu göstərir ki, Bakı regional sabitliyi təkcə rəsmi razılaşmalarla deyil, həm də sosial müstəvidə gücləndirmək istəyir. Bu baxımdan səfərdən sonra Ermənistan daxilində revanşist siyasi qrupların narahatlıq bildirməsi gözlənilən idi. Onların narahatlığının əsas səbəbi çox sadədir. Çünki birbaşa ünsiyyət mifləri dağıdır. Onlar narahatdır ki, Azərbaycan tərəfinin təmkinli, konstruktiv və açıq mesajları Ermənistan ictimai şüurunda dəyişiklik yaradır. “Azərbaycan daim təhdiddir” yanaşması artıq əvvəlki kimi effektiv deyil. Digər tərəfdən, Ermənistan cəmiyyətinin normallaşma istəyinin artması revanşistlərin siyasi meydanını daraldır. Çünki bu qruplar daim gərginliyə, qorxuya, təcridə oynayırdılar. İndi isə bu sahə zəifləyir. Ermənistanda radikal qüvvələr yalnız müharibə təhlükəsi ilə cəmiyyətə təsir edə bilirdilər. Azərbaycan tərəfinin “müharibə bitib” mesajı bu təsir mexanizmini sıradan çıxarır. Ona görə də Hikmət Hacıyevin açıqladığı tezislər Bakının son illər apardığı xarici siyasətin ümumi konturu ilə tam uzlaşır: güc tətbiqini arxa plana keçirmək, sülh razılaşmasını hüquqi əsaslara bağlamaq, Ermənistanla normal qonşuluq münasibətləri qurmaq, regionda yeni iqtisadi və nəqliyyat məkanının formalaşmasına çalışmaq. Bu yanaşma Qərb, Rusiya və region ölkələri tərəfindən diqqətlə izlənir. Çünki Cənubi Qafqazda sülhün gələcəyi Bakı-İrəvan münasibətlərindən keçir.
MTM Analitik Qrup
