Bakı Təşəbbüs Qrupu tərəfindən “Müstəmləkəçilik və neo-kolonializmə qarşı beynəlxalq hüquqi mexanizmlər” adlı maarifləndirici broşür nəşr olunub. Broşürdə bir çox beynəlxalq təşkilatların konvensiyalarının müvafiq maddələri yer alıb.
Bu gün müstəmləkəçilik və neo-kolonializmdən əziyyət çəkən xalqların maarifləndirilməsi məqsədilə nəşr edilmiş broşür BMT-nin Cenevrə ofisində İnsan Hüquqları Komitəsinin (İHK) 142-ci sessiyası çərçivəsində Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə keçirilmiş “Mülki və siyasi hüquqlar haqqında beynəlxalq pakt və Fransız müstəmləkəçiliyinin nəticələri” adlı beynəlxalq konfransın iştirakçılarına təqdim olunub.
Broşür müstəmləkəçilikdən əziyyət çəkən xalqlara öz hüquqlarını tanımaqla bağlı maarifləndirici məqsəd daşıyır. Broşürdə beynəlxalq təşkilatların müstəmləkəçilik və neo-kolonializm ilə bağlı konvensiyalarının müvafiq maddələri, bəyanatlar, xalqların hüquqları, Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının 14-cü Zirvə görüşündə qəbul edilmiş bəyanat, müstəmləkəçiliyin tamamilə ləğv edilməsinə dair beynəlxalq təşkilatlarda qəbul edilmiş sənədlər, qərarlar yer alıb.