
Bu gün Bakı son illərin ən diqqətçəkən diplomatik hadisələrindən birinə ev sahibliyi edir: Suriya və İsrail rəsmiləri növbəti dəfə Azərbaycanın təşəbbüsü və zəmanəti ilə bir araya gəlirlər. Beynəlxalq mətbuatın yaydığı məlumata əsasən, görüşdə İsrail tərəfini strateji məsələlər naziri Ron Dermer, Suriya tərəfini isə xarici işlər naziri Əsəd əl-Şeybani təmsil edir. Görüşdə əsas müzakirə mövzusu Suriyada təhlükəsizlik məsələləri və mümkün koordinasiya imkanları olacaq.
Bu hadisə təkcə Yaxın Şərqdə deyil, bütövlükdə beynəlxalq münasibətlərdə yeni bir dinamikanın yaranması baxımından əhəmiyyətlidir. İllərlə bir-birini tanımayan, hərbi qarşıdurmalara və açıq düşmənçiliyə girən iki dövlətin bir masa ətrafında toplaşması həm dünya ictimaiyyəti, həm də region ölkələri üçün mühüm siqnaldır. Ən maraqlı cəhətlərdən biri isə bu tarixi dialoqun məhz Bakıda baş tutmasıdır. Bu, Azərbaycanın artan geosiyasi nüfuzunun və regionlararası vasitəçilik qabiliyyətinin bariz göstəricisidir.
İsrail və Suriya arasındakı münasibətlər tarix boyu gərgin olub. 1948-ci ildən başlayaraq, iki ölkə arasında bir neçə dəfə hərbi münaqişə yaşanıb və bu münaqişələrin mərkəzində əsasən Holan təpələri və Fələstin məsələsi dayanıb. Suriyada vətəndaş müharibəsinin başlaması ilə İsrail daha çox sərhədlərindəki İran təsirindən narahat olub, zaman-zaman Suriya ərazisinə zərbələr endirib. Bütün bunlara baxmayaraq, hazırkı danışıqlar istər İsrailin Suriyadakı sabitliyi öz sərhədləri baxımından önəmli sayması, istərsə də yeni Dəməşq adminstrasiyasının öz mövqeyini beynəlxalq səviyyədə legitimləşdirmək istəyi ilə bağlı yeni bir münasibət mərhələsinin başlaya biləcəyinə işarə edir.
Azərbaycanın bu görüşə ev sahibliyi etməsi də təsadüfi deyil. Ölkəmiz uzun illərdir həm Qərblə, həm də Şərqlə balanslı münasibətlər quran, Türkiyə və İsraillə, həm də ərəb ölkələri və İranla işləməyə qadir bir aktor kimi tanınır. Ermənistan üzərində əldə etdiyi zəfərdən sonra regiondakı mövqeyi daha da möhkəmlənən Azərbaycan indi Yaxın Şərq və Avrasiya siyasətində etibarlı tərəfdaş, hətta vasitəçi dövlət kimi çıxış etməyə başlayıb. Qeyd etmək yerinə düşər ki, bundan əvvəl də Azərbaycan müxtəlif qlobal və regional güclərin təmas nöqtəsi olub. Ölkənin enerji siyasəti, multikultural cəmiyyət modeli və dini-mədəni tolerantlığı bu cür dialoqlar üçün optimal zəmin yaradır. Azərbaycanın həm Suriya, həm də İsraillə diplomatik əlaqələrinin olması Bakını ideoloji baxımdan neytral və təhlükəsiz görüş məkanı halına gətirib.
Bakı bu missiyanı üzərinə götürməklə, özünü yalnız iqtisadi deyil, həm də diplomatik qovşaq kimi təqdim edir. Bu, Azərbaycanın beynəlxalq imicinə və diplomatik nüfuzuna böyük töhfə verir.
Görüşdə əsas diqqətin Suriyada təhlükəsizlik məsələlərinə yönələcəyi bildirilir. Bu isə bir tərəfdən İsrailin sərhəd təhlükəsizliyi, digər tərəfdən isə Suriyanın daxili sabitlik və yenidənqurma məsələlərinə yönəlmiş maraqlarının müzakirəyə cəlb edilməsi deməkdir. Əgər Bakı görüşü uğurlu alınarsa bu, Yaxın Şərqdə yeni formatın – üçüncü ölkənin neytral vasitəçiliyi ilə aparılan ikitərəfli dialoqların inkişafına səbəb ola bilər. Bu formatda Azərbaycan kimi regionlararası balansı saxlaya bilən ölkələrin rolu daha da artacaq. Bu baxımdan Suriya və İsrail rəsmilərinin Bakıda görüşü təkcə iki dövlət arasındakı münasibətlər baxımından deyil, beynəlxalq diplomatiya tarixində də önəmli hadisədir. Bu hadisə həm gərgin regionlarda sülh və dialoqun mümkünlüyünü göstərir, həm də Azərbaycanın özünü regional vasitəçi və neytral aktor kimi təsdiqləməsinə xidmət edir. Qarabağ münaqişəsindən qalib çıxmış bir dövlətin indi sülh masalarının ev sahibi kimi çıxış etməsi Azərbaycanın gələcək diplomatik kursunun konturlarını da aydın şəkildə ortaya qoyur.
MTM Analitik Qrup