BAKI ŞƏHƏRİNİN 2040-CI İLƏ QƏDƏRKİ DÖVRDƏ İNKİŞAFINA DAİR BAŞ PLANI TƏSDİQLƏNİB

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Bakı şəhərinin 2040-cı ilə qədərki dövrdə inkişafına dair Baş planının təsdiq edilməsi barədə Qərar imzalayıb.

Nazirlər Kabinetinin həmin Qərara dair izahını təqdim edirik:

“Bakı şəhərinin təsdiq edilmiş Baş planı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə beynəlxalq tenderin qalib “AS+P Albert Speer + Partner Gmbh” şirkəti (Almaniya) tərəfindən hazırlanıb. “AS+P Albert Speer +Partner Gmbh” şirkəti tərəfindən Baş plan layihəsinin hazırlanmasına yerli layihə təşkilatı qismində Bakı Dövlət Layihə İnstitutu, həmçinin mühəndis-kommunikasiya sistemləri, nəqliyyat və iqtisadi aspektlərin işlənməsi məqsədilə “Ramboll UK” (Böyük Britaniya) və “EY Advisory” (Fransa) şirkətləri cəlb edilib.

Baş plan layihəsi 2040-cı ilə qədər olan dövrü əhatə edir.

Baş plan paytaxtın bütün inzibati ərazisini əhatə etməklə hesabat dövrü ərzində şəhərin əsas inkişaf prioritetlərini özündə əks etdirir. Baş plan, o cümlədən güclü və davamlı inkişafı təmin edəcək mütəşəkkil çoxmərkəzli şəhər, ərazilərdən kompleks istifadə nəticəsində formalaşan dayanıqlı şəhər mühiti, mədəni və tarixi-memarlıq irsinin qorunması, ərazi zonalaşdırılması, şəhər infrastrukturunun genişləndirilməsi, ekoloji sağlamlaşdırma və ərazilərin abadlaşdırılması tədbirləri, habelə postsənaye dövrünə keçidi təmin edəcək yeni şəhər iqtisadiyyatı məsələlərini özündə ehtiva edir”.