BAKI ŞƏHƏR PROKURORLUĞUNDA İLİN BİRİNCİ YARISINA HƏSR OLUNMUŞ ƏMƏLİYYAT MÜŞAVİRƏSİ KEÇİRİLİB

İyulun 16-da Bakı şəhərinin prokurorluq orqanları tərəfindən bu ilin birinci yarısında cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, əvvəlcə müşavirə iştirakçıları Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla anıblar.

Bakı şəhər prokuroru Elşən Abbasov tədbirdə çıxış edərək Prezident İlham Əliyevin qətiyyətlə həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində ilin birinci yarısında cəmiyyətin bütün sahələrində tərəqqi və inkişafa nail olunduğunu vurğulayıb. Şəhid ailələri və müharibə iştirakçılarının qayğılarının Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən daim nəzarətdə saxlanılmaqla, onların müraciətlərinin vaxtında həlli istiqamətində zəruri tədbirlərin görüldüyü diqqətə çatdırılıb.

Müşavirədə Baş prokurorun müəyyənləşdirdiyi vəzifələrin icrası üzrə Bakı şəhərinin prokurorluq orqanlarının digər hüquq-mühafizə orqanları ilə birlikdə cinayətkarlığa qarşı mübarizə, vətəndaş məmnunluğunun təmin olunması istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.

Qeyd olunub ki, bu ilin birinci yarısında Bakının prokurorluq və daxili işlər orqanları üzrə cəmi 8011 cinayət hadisəsi qeydiyyata alınıb ki, onların 88,6 faizinin açılması təmin olunub.

Hesabat dövründə törədilən 24 qəsdən adamöldürmə cinayətlərinin açılması daxili işlər orqanları ilə birlikdə qarşılıqlı işgüzar münasibətlər qurulmaqla həyata keçirilən tədbirlər nəticəsində təmin edilib.

Diqqətə çatdırılıb ki, sağlamlığa qəsdən ağır və az ağır zərərvurma, oğurluq, soyğunçuluq, quldurluq, mənimsəmə və israfetmə, qaçaqmalçılıq, ekoloji cinayətlərin, ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı azalıb, dələduzluq, hədə-qorxu ilə tələb etmə, xuliqanlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma hadisələrinin sayında isə artım müşahidə olunub.

Bildirilib ki, şəhərin prokurorluq orqanları tərəfindən hesabat dövründə 124 cinayət işinin ibtidai istintaqı tamamlanıb, onlardan 89 iş baxılması üçün müvafiq məhkəmələrə göndərilib. Paytaxtın daxili işlər orqanlarının istintaq qurumları tərəfindən isə hesabat dövründə cəmi 3256 cinayət işinin istintaqı tamamlanaraq 2570 iş məhkəmələrə göndərilib.

Bakı şəhəri üzrə prokurorluq orqanları tərəfindən ibtidai istintaqı tamamlanmış cinayət işləri üzrə ümumilikdə dövlətə, fiziki və hüquqi şəxslərə vurulmuş 6 milyon 492 min 425 manat məbləğində maddi ziyanın 3 milyon 527 min 109 manatı və ya 54,3 faizinin ödənilməsi təmin edilib.

Müşavirədə, həmçinin axtarışda olan, xəbərsiz itkin düşmüş şəxslərin tapılması istiqamətində intensiv istintaq və əməliyyat-axtarış tədbirlərinin aparılması ilə bağlı konkret tapşırıqlar verilib.

Vətəndaş müraciətlərinə baxılması və onların qəbulu ilə əlaqədar işin təşkilinin daim diqqət mərkəzində saxlanılması istiqamətində zəruri tədbirlərin görülməsi tələb edilib, xüsusilə ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş və itkin düşmüş şəxslərin ailə üzvləri, yaxın qohumları, o cümlədən sağlamlığını itirmiş vətəndaşların müraciətlərinə təxirəsalınmadan baxılmaqla, onların dərhal qəbul edilmələrinin təmin olunması, həmin kateqoriyaya aid şəxslərə diqqət göstərilməsinin vacibliyi vurğulanıb.

“Elektron Prokurorluq” informasiya sisteminin tətbiqinin prokurorluq orqanlarında işin səmərəliliyinin artırılmasına müsbət təsiri xüsusi qeyd olunmaqla, bütün prokurorluq işçilərinin gündəlik fəaliyyətlərində sistemin imkanlarından istifadə edilməsinin vacibliyi vurğulanıb.

Birinci yarımilin nəticələrinə görə, artım dinamikası müşahidə olunan cinayətlərin profilaktikası istiqamətində zəruri tədbirlərin görülməsi, eyni zamanda, cəzanın labüdlüyü prinsipinin təmin edilməsi məqsədilə bağlı qalmış qəsdən adamöldürmə cinayətlərinin açılması və təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb olunması üçün müvafiq tədbirlərin görülməsinin zəruriliyi diqqətə çatdırılıb.

Əməliyyat müşavirəsində Bakı şəhərinin tabe rayon prokurorları hesabat məruzə ilə çıxış edərək görülən işlərin vəziyyəti barədə məlumat verib, yol verilmiş nöqsanların aradan qaldırılması üçün zəruri tədbirlərin görüləcəyini bildiriblər.

Müşavirəyə yekun vuran Bakı şəhər prokuroru Elşən Abbasov şəhər prokurorluğunun kollektivinin bundan sonra da cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsini, insan və vətəndaş hüquq və azadlıqlarının, ölkəmizdə bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitliyin qorunması üçün səlahiyyət hədləri daxilində zəruri tədbirlərin görülməsini təmin edəcəklərinə əminliyini bildirib.