BAKI-QUBA-RUSİYA MAGİSTRAL AVTOMOBİL YOLUNUN BİR HİSSƏSİNDƏ APARILAN YENİDƏNQURMA İŞLƏRİ DAVAM EDİR

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsini təşkil edən, yük və sərnişin daşınmasında böyük rolu olan M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Bakı-Quba istiqamətində deformasiyaya uğramış hissəsinin yenidən qurulması işləri yerinə yetirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, təmir-bərpa işləri avtomobil yolunun 52-119.5 kilometrdə 3 hissədə aparılır. Təmir-bərpa işləri avtomobil yolunun 52-53.5, 100.25-102.75 və 107-108.25-ci kilometrlik hissələrini əhatə edir.

Hazırda həmin hissələr üzrə beton örtüyün sökülməsi və kənarlaşdırılması, yararsız materialların qazılması və kənarlaşdırılması, karxana materiallarının daşınması və sərilməsi, yol geyiminin alt qatının sərilməsi və kipləşdirilməsi, asfalt-beton örtüyün sərilməsi işləri görülür.

Qeyd olunub ki, yay fəsli olması və bu istiqamətdə nəqliyyat axının intensivliyi, həmçinin təmir-bərpa işlərinin avtomobil yolu ilə hərəkət edən vətəndaşlara yaşada biləcəyi narahatlığı nəzərə alaraq işlər ərazilər üzrə hissə-hissə olmaqla icra olunur.

İşlərin aparıldığı ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılıb. Təmir-bərpa işləri aparılan müddət ərazidə əks istiqamət üzrə nəqliyyat vasitələrinin ikitərəfli hərəkəti təmin edilib.

Əks istiqamət üzrə ikitərəfli hərəkətin təhlükəsiz və maneəsiz təmin olunması üçün ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb, müvafiq nişanlanma xətlərinin çəkilişi və müvəqqəti yol nişanlarının quraşdırılması işləri yerinə yetirilib.

Sürücülərdən təmir-bərpa işlərinin aparılmasına anlayışla yanaşmaları, həmin ərazidə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.