BAKI–PİRŞAĞI–SUMQAYIT İSTİQAMƏTİNDƏ QATARLARIN 6 REYSİ LƏĞV OLUNUR

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Abşeron dairəvi dəmiryol xəttində infrastrukturun sağlamlaşdırılması və hərəkət təhlükəsizliyinin davamlı təmin edilməsi məqsədilə aprelın 6-dan etibarən Sumqayıt–Pirşağı sahəsində təmir işlərinə başlayır. Görüləcək işlərlə əlaqədar müvafiq xətt üzrə texniki fasilənin verilməsi üçün qatarların hərəkət qrafikində dəyişikliklər edilir.

ADY-dən bildirilib ki, həftəiçi Bakı-Pirşağı-Sumqayıt istiqamətində saat 09:30-da, saat 10:00-da və saat 14:50-də, Sumqayıt–Pirşağı–Bakı istiqamətində isə saat 10:00-da, saat 10:45-də və saat 12:00-da, həftənin şənbə, bazar və qeyri-iş günlərində Bakı–Pirşağı–Sumqayıt istiqamətində saat 11:35-də, saat 15:30-da və saat 17:40-da, Sumqayıt–Pirşağı–Bakı istiqamətində isə saat 12:10-da, saat 15:25-də və saat 16:35-də yola düşən qatarların hərəkəti sentyabr ayına kimi müvəqqəti dayandırılır.

Həmin müddət aralığında sərnişin tələbatını təmin etmək məqsədilə həftənin iş günlərində Bakıdan saat 16:20-də, Sumqayıtdan isə saat 17:20-də, həftənin şənbə, bazar və qeyri-iş günlərində Bakıdan saat 20:45-də və saat 21:20-də, Sumqayıtdan isə saat 20:15-də və saat 20:50-də qatarların hərəkəti üçün əlavə reyslər təyin olunur.

İnfrastrukturda aparılan təmir işləri ilə əlaqədar ümumilikdə Bakı–Pirşağı–Sumqayıt–Bakı istiqaməti üzrə iş günlərində 6 reys ləğv olunaraq əvəzinə əlavə 2 reys, qeyri-iş günlərində isə 6 reys ləğv olunaraq əvəzinə əlavə 4 yeni reys təyin edilib.

Qeyd edək ki, Bakı–Xırdalan–Sumqayıt–Bakı istiqaməti üzrə, həmçinin günün pik saatlarında Bakı–Pirşağı–Sumqayıt–Bakı istiqamətində qatarların hərəkət qrafiki olduğu kimi qalır.