BAKI OLİMPİYA STADİONUNDA COP29 KONFRANSININ RƏSMİ AÇILIŞ MƏRASİMİ BAŞLAYIB

Bu gün Bakıda Bakı Olimpiya Stadionunda COP29 Konfransının açılış mərasimi keçirilib.

Dünyanın müxtəlif ölkələrindən gələn nümayəndələr, liderlər və iqlim üzrə ekspertlər ilin ən böyük iqlim tədbirlərindən birinin başlanğıcını qeyd etmək üçün bir araya gəliblər.

Qeyd edək ki, COP29-un Azərbaycanda keçirilməsi qərarı ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir.

“COP” (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan “Tərəflərin Konfransı” mənasını verir. Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.