BAKI MARAFONU İLK DƏFƏ OLARAQ 42 KM-DƏ KEÇİRİLƏCƏK: QEYDİYYAT BAŞLAYIB

Bu gündən Bakı Marafonu 2026-ya qeydiyyat başlayıb.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2016-cı ildən ənənəvi təşkil edilən marafonda əsas yenilik isə odur ki, yarış yarımarafon deyil, ilk dəfə 42 km məsafədə tam marafon olaraq və fərqli marşrutda keçiriləcək.

Bakı Marafonu mayın 3-də saat 10-da Dövlət Bayrağı Meydanından start götürəcək, finiş xətti isə Sea Breeze ərazisində olacaq.

Doqquzuncu Bakı Marafonunun marşrutu:

Dövlət Bayrağı Meydanı – Dənizkənarı Bulvar  Bakı Beynəlxalq Dəniz Vağzalı  Neftçilər prospekti  Bakı Ağ Şəhər bulvarı – 8 Noyabr prospekti – Yusif Səfərov küçəsi – Heydər Əliyev prospekti – Böyük İpək Yolu küçəsi – Müzəffər Nərimanov küçəsi – Ziya Bünyadov prospekti – Böyükşor-Pirşağı yolu – Bilgəh-Pirşağı şosesi – Sea Breeze.

Marafonda iştirak etmək istəyən şəxslər aprelin 25-dək www.marathon.az saytı vasitəsilə, həmçinin 28 Mall, Dəniz Mall və Gənclık Mall ticarət mərkəzlərindəki məntəqələrdə ödənişli qaydada qeydiyyatdan keçə bilər. Tələbələr üçün isə qeydiyyat pulsuzdur.

“Azercell”in baş sponsorluğu ilə keçiriləcək Bakı Marafonu 2026-da kişi və qadın iştirakçılar ilk 3 yer uğrunda mübarizə aparacaqlar. Hər iki kateqoriyada qaliblər pul mükafatı və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunacaq.

Birinci yerin qalibinə 6.000 AZN, ikinci yerin sahibinə 4.000 AZN, üçüncü yerin sahibinə isə 2.000 AZN mükafat təqdim olunacaq. Digər nominasiyalar üzrə də mükafatlar nəzərdə tutulub.