
Beynəlxalq xəbər agentliklərinin Dəməşqdəki diplomatik mənbəyə istinadla yaydığı məlumata görə, Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Bakıya səfəri zamanı Suriya və İsrail nümayəndələri arasında birbaşa və məxfi formatda görüş keçirilib. Deməli, Yaxın Şərqdə uzun illərdir davam edən daha bir düşmənçiliyə son qoyulur. Suriya və İsrail rəsmilərinin Bakıda baş tutan tarixi görüşü regionda diplomatik dinamikanın dəyişdiyini və Azərbaycanın beynəlxalq vasitəçilik potensialının yeni mərhələyə qədəm qoyduğunu göstərir.
Qeyd edək ki, 1948-ci ildən etibarən Suriya ilə İsrail arasında açıq düşmənçilik hökm sürür. Holan təpələrinin 1967-ci ildə İsrail tərəfindən işğal olunması, 1973-cü il Yom Kippur müharibəsi, Livan münaqişələri və sonrakı illərdə qarşılıqlı hücumlar iki ölkə arasında diplomatik münasibətlərin qurulmasına hər zaman əngəl olub. Bu mənada, Suriyanın indiki keçid rəhbərliyinin İsraillə istənilən təmas cəhdi Yaxın Şərqdə yeni səhifənin açılması kimi qəbul edilə bilər. Azərbaycanın belə həssas və simvolik görüşə ev sahibliyi etməsi isə təsadüfi deyil. Bakı son illərdə geosiyasi balanslı siyasəti, İslam dünyası və Qərblə paralel əlaqələri, həm də beynəlxalq etibar qazanan neytral mövqeyi ilə özünü mühüm diplomatik platforma kimi təsdiqləyib. İsrail və Suriya kimi əks qütblərdə dayanan tərəfləri eyni masa arxasına əyləşdirə bilmək Azərbaycan diplomatiyasının son illərdəki ən mühüm uğurlarından biri sayıla bilər. Belə ki, Azərbaycan həm İslam Əməkdaşlıq Təşkilatının üzvü, həm də İsraillə yüksək səviyyəli əməkdaşlığa malik olan nadir ölkələrdəndir. Məhz bu format Bakı platformasının unikallığını yaradır. Eyni zamanda, Azərbaycanın BMT, Qoşulmama Hərəkatı və Türk Dövlətləri Təşkilatında fəal iştirakçılığı, bu görüşün arxa planında böyük beynəlxalq dəstək və məsləhətləşmələrin olduğunu göstərir.
Əldə edilən məlumatlara əsasən, görüşdə tərəflər arasında ilkin etimad mühitinin yaradılması, məhbus mübadiləsi, Holan təpələrinin statusu və regionda İranın rolu kimi məsələlər müzakirə olunub. Suriya tərəfi keçid dövrü rəhbərliyinin regionda normallaşma siyasəti çərçivəsində İsraillə birbaşa təmas qurmağa çalışdığını, İsrail tərəfi isə İranın Suriyadakı mövcudluğu ilə bağlı narahatlıqlarını çatdırıb. Bu dialoqun davam etdirilməsi üçün Bakıda növbəti görüşlərin keçirilməsi ehtimalı da nəzərdən keçirilir. Görünən odur ki, bu format daha geniş iştirakçılıqla – məsələn, ABŞ, Rusiya və ya BMT müşahidəçilərinin iştirakı ilə gələcəkdə daha formal danışıqlara çevrilə bilər. Bu məsələdən çıxış edərək deyə bilərik ki, Azərbaycan bu görüşlə yalnız diplomatik nüfuzunu artırmır, eyni zamanda regionda sülh və təhlükəsizliyin təminatçılarından birinə çevrildiyini nümayiş etdirir. Bu hadisə, həm də Bakının vasitəçiliyi ilə bir vaxtlar bir-birinə düşmən olan ölkələr arasında inam mühitinin formalaşa biləcəyini sübut edir. Azərbaycanın bu cür diplomatik platformaya çevrilməsi həm də onun balanslı xarici siyasətinə, hərbi və enerji gücünə, beynəlxalq təşkilatlarda artan çəkisinə və ən əsası, etibarlı tərəfdaş obrazına bağlıdır. Bu amillər sayəsində Bakı Cənubi Qafqazın “diplomatik Davosu” olmaq potensialını qazanıb. Beləliklə, Suriya və İsrail arasında aparılan bu təmaslar son dərəcə həssas və mürəkkəb olsa da, onların Bakıda baş tutması regionun və dünyanın diqqətini Azərbaycana yönəldir. Bu, təkcə iki ölkə arasında deyil, ümumilikdə Yaxın Şərqdə diplomatik sabitliyə və yeni əməkdaşlıq formatlarına yol aça biləcək bir prosesin başlanğıcı ola bilər. Azərbaycan isə bu sülh yolunda körpülər quran ölkə kimi öz rolunu daha da möhkəmləndirir.
MTM Analitik Qrup