
Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgiləri dünya mediasının diqqət mərkəzindədir.
Birləşmiş Ərəb Əmirliklərinin “Emirates” rəsmi informasiya agentliyi, “24 ae.”, “Əl İttihad”, “Şarjah 24”, “Mediaoffice. Abu-Dabi”, “Əl Xalic”, “uae.barq” qəzet və portalları, habelə “CNN arabic”, “Abu Dabi1” telekanalları, Səudiyyə Ərəbistanının “Saudigulffprojetcts” nəşri Bakı Enerji Həftəsi çərçivəsində Prezident İlham Əliyevin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan bin Əhməd Əl-Cabiri qəbul etməsi, habelə Azərbaycanın dövlət başçısının və Əmirliklərinin nazirinin bu mötəbər tədbirdə çıxışının əsas məqamları barədə məlumat veriblər.
BƏƏ və Səudiyyə Ərəbistanı mediası, həmçinin Azərbaycan Prezidenti İlham Əliyev və BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri, COP28-in sədri Sultan bin Əhməd Əl Cabirin iki günəş və bir külək enerjisi layihəsinin təməlqoyma mərasimində iştirakı haqqında geniş məqalələr dərc edib. Ərəb ölkələri ictimaiyyətinin diqqətinə çatdırılıb ki, bu layihələr təmiz enerji sahəsində dünya lideri olan “Masdar” tərəfindən Azərbaycanın milli neft şirkəti SOCAR ilə birgə işlənib hazırlanacaq.
Məqalələrdə diqqətə çatdırılıb ki, Sultan bin Əhməd Əl-Cabir Azərbaycanın COP29-a ev sahibliyi etməyə hazırlaşdığını, hazırkı COP prezidenti Birləşmiş Ərəb Əmirliyinin COP29-un sədrliyi ilə sıx əməkdaşlıq etməyə davam edəcəyini bildirib. O, həmçinin bütün ölkələri, maraqlı tərəfləri COP29-un heç bir şübhəyə yer qoymayan orqan olmasını təmin etməyə dəstək verməyə çağırıb.
Bakı Enerji Həftəsinin açılış mərasimi haqqında Qazaxıstanın “Kazinform” agentliyi, Çinin “Siamnews”, “Chinamoneynerqork” portalları, Avstraliyanın AAP informasiya agentliyi, Tailandın “Thailand business” nəşri, Almaniyanın “Finanznachritchen”, Kanadanın “Newswire”, İtaliyanın “İnarmazione”, İngiltərənin “Morningstar”, Tayvanın “Taiwannews” elektron qəzetləri geniş məqalələr dərc ediblər.
Məqalələrdə qeyd edilib ki, qlobal enerji böhranı dövründə Azərbaycanın ev sahibliyi etdiyi bu mötəbər tədbir 30-dan çox ölkədən 300-dək şirkəti bir araya gətirib. Dünya mediası Prezident İlham Əliyevin çıxışında Qarabağ və Şərqi Zəngəzurun azad olunmuş ərazilərinin nəhəng hidroelektrik potensialı, həmin ərazilərin azad edilməsindən sonra orada 270 meqavat həcmində hidroelektrik stansiyaların istifadəyə verilməsi və 3-5 il ərzində bu rəqəmin 500 meqavata çatacağı barədə fikirlərinə də yer ayırıb.
Xəbər və məqalələrdə Prezident İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan bin Əhməd Əl-Cabirin Bakı Enerji Həftəsi çərçivəsində iki günəş və bir külək elektrik stansiyasının təməlini qoyması barədə geniş məlumat verilib.
