
Azərbaycanda mayın 25-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 17-22°, gündüz 25-30°, bəzi yerlərdə 33°-dək isti olacaq. Atmosfer təzyiqi 758 millimetr civə sütunu, nisbi rütubət 60-70 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 17-22°, gündüz 30-35° isti, dağlarda gecə 7-12°, gündüz 12-17°, bəzi yerlərdə 20-24° isti olacağı ehtimal edilir.