BƏZİ DAĞLIQ VƏ DAĞƏTƏYİ ƏRAZİLƏRDƏ HAVANIN ARABİR YAĞINTILI OLACAĞI GÖZLƏNİLİR

Azərbaycanda aprelin 19-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-16°, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı – 756 millimetr civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 45-50 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi ərazilərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz 25-30° isti, dağlarda gecə 5-10°, gündüz 18-23° isti olacağı ehtimal edilir.