
Müasir dövrdə enerji siyasəti dövlətlərin iqtisadi gücünü, siyasi çəkisini və uzunmüddətli inkişaf potensialını müəyyən edən əsas amillərdən biridir. Qlobal miqyasda yaşıl enerjiyə keçidin sürətlənməsi, ölkələrin bərpaolunan enerji mənbələrinə üstünlük vermələri təkcə ekoloji çağırışlarla bağlı olmayıb, həm də təhlükəsizlik, iqtisadi dayanıqlılıq və yeni texnologiyalara çıxış baxımından vacib hesab edilir.
Bu qlobal tendensiyadan kənarda qalmayan Azərbaycanın son illər əldə etdiyi uğurlu nəticələr göstərir ki, ölkə artıq bərpaolunan enerji sahəsində mühüm mərhələyə qədəm qoyub. Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində bu mövzuya xüsusi toxunması ölkəmizin yeni enerji doktrinasının əsas hədəfləri ilə bağlı dolğun təsəvvür yaradır. Dövlət başçısının səsləndirdiyi fikirlər ölkəmizin yaşıl enerjiyə keçid siyasətinin yalnız bugünkü ehtiyaclara deyil, həm də uzunmüddətli inkişafa hesablandığını nümayiş etdirir.
Respublikamız yeni neft diplomatiyasının məntiqi davamı olaraq təbii qazın Qərb bazarlarına nəqli strategiyasını uğurla reallaşdırmaqla yanaşı, alternativ və bərpa olunan enerjiyə keçidi nəzərdə turan qlobal layihələrə, yaşıl enerji dəhlizlərinə də müəlliflik edir. Başqa sözlə, son onilliyədək daha çox neft-qaz ehtiyatları ilə dünyanın diqqətində olan Azərbaycanın enerji siyasəti son illərdə keyfiyyətcə yeni məzmun kəsb etməyə başlayıb. Ekoloji təmiz mənbələr hesabına elektrik enerjisinin istehsalının məqsədi bir tərəfdən atmosferə atılan qaz emissiyalarının həcminin azaldılması yolu ilə ölkəmizin iqlim öhdəliklərinin yerinə yetirilməsi, digər tərəfdən Avropa İttifaqı və digər region dövlətlərinə yaşıl enerji ixracının genişləndirilməsi, yaşıl ixrac dəhlizlərinin yaradılmasıdır.
Ümumilikdə, son beş ildə Səudiyyə Ərəbistanı Krallığı və Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan şirkətlərin vəsaiti hesabına günəş və külək elektrik stansiyalarının tikintisinə başlanılması, bu sahədə yeni layihələrin reallaşdırılması ölkəmizə olan yüksək etimadın göstəricisidir. Hazırda bu sahə üzrə əsas investorlardan biri BƏƏ-nin “Masdar” şirkətidir. Şirkət artıq 2023-cü ildə 230 meqavat gücündə günəş elektrik stansiyasını inşa edib. Yaxın vaxtlarda isə Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin tikdiyi 240 meqavatlıq stansiyanın istismara verilməsi gözlənilir. Eyni gücə malik növbəti stansiyanın bp tərəfindən Cəbrayıl rayonunda inşa olunması bu prosesin davamlı xarakter daşıdığını göstərir.
Prezident İlham Əlyevin qeyd etdiyi kimi, son dövrlər Çin şirkətlərinin ölkəmizdə bərpaolunan enerji sahəsinə artan marağı xüsusi diqqət çəkir. Günəş panellərinin istehsalı üzrə zavodun tikintisinə start verilməsi, elektriklə işləyən avtobusların yığılmasına başlanılması göstərir ki, Azərbaycan enerji istehsalçısı olmaqla yanaşı, sənaye və texnologiya imkanlarını da genişləndirir. Rəsmi Bakı yaşıl enerji ilə yanaşı, yaşıl nəqliyyatın inkişafı məqsədilə strateji tərəfdaş kimi Çin şirkətlərinə üstünlük verib.
Yürüdülən strategiyanın başlıca məqsədi həm də Azərbaycanın mövcud təbii imkanlarından maksimum istifadə etməkdir. Beynəlxalq təşkilatların qiymətləndirmələrinə görə, ölkənin külək enerjisi potensialı 150 giqavatdan artıqdır. Günəşli günlərin çoxluğu həm Bakı ətrafında, həm də bölgələrdə günəş enerjisinin səmərəli istifadəsinə geniş imkanlar yaradır. Xəzər dənizinin külək potensialı da nəzərə alındıqda, ölkəmizinbu sahədə böyük imkanlara malik olduğu aydın görünür. Bu resurslardan səmərəli istifadə dayanıqlı inkişaf baxımından son dərəcədə zəruridir.
Bu layihələrə xarici şirkətlərlə yanaşı, yerli şirkətlərin də cəlb olunması diqqət mərkəzindədir. Dövlətin çağırışına cavab olaraq, yerli şirkətlər bərpaolunan enerji sektoruna daxil olmağa başlayıblar. Bu sahənin gəlirli olması, ölkə üçün strateji əhəmiyyət kəsb etməsi yerli biznes üçün əlverişli imkanlar açır.
Günəş və külək elektrik stansiyalarının ümumi xəritəsinin təsdiqlənməsi də bu sahədə planlı və sistemli yanaşmanın mövcudluğunu sübut edir. Bu xəritə quruda, dənizdə, habelə azad edilmiş ərazilərdə yerləşəcək stansiyaları əhatə edir. Qarşıda duran əsas vəzifələrdən biri istehsal edilən enerjinin qəbulu və ötürülməsi imkanlarını genişləndirməkdir. Mövcud planlara əsasən, 2030-cu ilə qədər ölkədə 6000 meqavat, 2032-ci ilə qədər isə 8000 meqavat bərpaolunan enerji sistemə daxil ediləcək. Bu həcmlərin effektiv şəkildə istifadəsi üçün enerji şəbəkələrinin gücləndirilməsi vacibdir.
Azərbaycanın bərpaolunan enerji sahəsində həyata keçirdiyi siyasətin əsas üstünlüklərindən biri bu resursların təkcə daxili tələbat üçün deyil, eyni zamanda ixrac yönümlü planlaşdırılmasıdır. Ölkəmiz son illər ərzində yaşıl enerji istehsalçısı və ötürücüsü kimi regional rolunu gücləndirir, bu istiqamətdə konkret addımlar atır. Məhz bu yanaşma ölkəmizin gələcəkdə Avropa və region ölkələri üçün etibarlı yaşıl enerji mərkəzinə çevrilməsini mümkün edir. Qara dəniz üzərindən elektrik kabeli layihəsi, eləcə də Xəzər dənizinin dibi ilə Qazaxıstan və Özbəkistanla kabel bağlantısının yaradılması Azərbaycanın enerji ixrac coğrafiyasını genişləndirə bilər.
Bərpaolunan enerjinin artması, eyni zamanda, təbii qaza qənaət etməyə imkan yaradır. Daxili istehlakda qənaət olunan qaz isə ixrac üçün əlavə imkanlar açır. Bu məqsədlə qaz infrastrukturunun genişləndirilməsi istiqamətində işlər aparılır.
Rəsmi Bakı dövlətlərin yaşıl enerjiyə keçidinin vacibliyini təşviq etməklə yanaşı, məsələyə daha realist və praqmatik yanaşır, qalıq enerjidən yaxın onilliklərdə istifadənin tamamilə məhdudlaşdırılmasını qeyri-mümkün sayır. Müasir dövrdə alternativ enerjiyə keçid nə qədər zəruri olsa da, dünya ölkələrinin qalıq enerji asılılığı hələ onilliklər boyu davam edəcək. Bu gün dünya iqtisadiyyatı və sənayesində mühüm rolu olan dövlətlər və transmilli şirkətlər böyük həcmdə neft-qaz idxal etməyə məhkumdurlar. Bu asılılığın alternativ mənbələr hesabına tam təmin edilməsi və qısa zamanda aradan qaldırılması qeyri-mümkündür.
MTM Analitik Qrup
