Qarabağın mərkəzi hesab olunan Ağdam rayonu antik dövrdən bugünədək zamanın bütün inkişaf prosesini əks etdirən mədəniyyət və memarlıq abidələri ilə zəngindir. Bu qədim diyarda 4 dünya, 3 ölkə, 130-dan çox yerli əhəmiyyətli memarlıq və arxeoloji abidə olub. Buraya Xaçın-Dərbəndli kəndində Qulu Musa oğlu türbəsi (1314-cü il), Şahbulaq kəndindəki məbəd (VI-VIII əsrlər), karvansara (XVIII əsr), Xanoğlan məqbərəsi (XVII əsr), Kəngərli kəndindəki məbəd (VI əsr), türbə və daş abidələr (XIV əsr), Papavənd kənd günbəzi və məscidi (XVIII əsr), Xan qızı Natəvanın və oğlunun türbələri və abidələri, həmçinin 3000-dən çox eksponat daxildir. Bu memarlıq abidələrindən biri də memar Kərbəlayı Şəfixan Qarabaği tərəfindən 1868-1870-ci illərdə inşa edilmiş Ağdam Cümə məscididir.
Bu fikirləri müsahibəsində Bakı Dövlət Universitetinin professoru, tarixçi-alim İbrahim Zeynalov söyləyib. Professor bildirib ki, bədii xüsusiyyətlərinə, quruluşuna və görünüşünə görə fərqlənən Ağdam Cümə məscidi ikiminarəli və ikimərtəbəlidir. Məscidə gözəllik verən onun xüsusi daşlardan, binanın fasad hissələrinin künclərindən qalxan minarələrin isə kərpicdən inşa edilməsidir. Tikilinin mərkəz günbəzi də diqqəti cəlb edir. Həmçinin günbəzə dayaq məqsədilə inşa edilən dörd sütun, yan tərəflərdə ikimərtəbəli eyvanlar məscidə xüsusi gözəllik verir. Bu eyvanlar yuxarıdan günbəzlərlə örtülüb, həm ibadət etmək, həm də qadınlar üçün ayrılıb. Məscid dini-memarlıq üslubundadır. Məscidin əksər hissələrində islama aid dini-mənəvi atributlar parlaq şəkildə özünü büruzə verir. İbadət və qadınlar üçün nəzərdə tutulan eyvanlar tam şəkildə islam şəriətinə uyğundur. İbadət zalı diqqəti daha çox cəlb edir. Zal mehrabın yan tərəfindən və eyvanlardan açılan pəncərələrlə işıqlandırılır. Diqqəti cəlb edən xüsusiyyətlərdən biri də mehrab taxçasının üzərində binanın dekor tərtibçisi Məhəmməd Nəqqaş Təbrizinin adı və təmir olunduğu hicri təqvim ilə 1331-ci ilin (miladi 1913) həkk olunmasıdır. Tədqiqatlardan aydın olur ki, Ağdam Cümə məscidinin divar rəsmlərini Nəqqaş Məhəmməd Şükuhi işləyib. Məscidin bəzi hissələri, xüsusilə giriş qapısı Səfəvi memarlığı üçün xarakterik olan iri tağ portalın içindədir.
“Ağdam şəhər məscidi “Qarabağ məscid memarlığı” məktəbinə aiddir. Erməni işğalı zamanı Ağdamın tarixi, memarlıq və arxeoloji abidələri vandalizmə məruz qaldı, istismar olundu və hətta erməniləşdirildi. Ağdam məscidi də dağıntılara məruz qalıb, minarələri daxildən sökülüb, tavanı bir neçə yerdən uçurulub, dizayn və yazıları bilərəkdən yararsız, tanınmaz vəziyyətə salınıb. Cümə məscidi ölkə əhəmiyyətli abidələrin siyahısına daxil edilib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu diplomatiyası nəticəsində Ağdam heç bir şəhid vermədən siyasi müstəvidə noyabrın 20-də işğaldan azad olundu, əzəli sahiblərinə qaytarıldı. İnanırıq ki, çox qısa zamanda Ağdamın əvvəlki görkəmi və şöhrəti özünə qaytarılacaq”, – deyə tarixçi-alim fikrini yekunlaşdırıb.