“AZTELEKOM” VƏ “BAKI TELEFON RABİTƏSİ” İNTERNETİN QİYMƏTİ İLƏ BAĞLI MƏLUMATLARA AYDINLIQ GƏTİRİB

Daima xidmət və məhsullarını inkişaf etdirən “Aztelekom” müştərilərin yüksəksürətli genişzolaqlı internetə artan tələbatını nəzərə alaraq 15 avqust 2024-cü il tarixindən etibarən dəyişikliklər edəcək.

Qurumdan bildirilib ki, şirkət GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan sürətləri 2.5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, 60 Mbit/s internet sürətini 150 Mbit/s-yə və 100 Mbit/s sürətini isə 250 Mbit/s-yə qədər) artıracaq.

Yeni sürət tariflərində abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayacaq və hər Mbit/s üçün ödəniş məbləği 0.45 AZN-dən 0.25 AZN-ə endiriləcək.

Belə ki, abunəçilərə 100 Mbit/s internet üçün 25 AZN, 150 Mbit/s internet üçün 30 AZN, 250 Mbit/s internet üçün 36 AZN qiymət təklif ediləcək. Fərdi müştərilər və Biznes müştəriləri üçün tariflərlə bağlı daha ətraflı məlumatı şirkətin rəsmi saytında əldə edə bilərsiniz.

Qeyd edilən qiymət dəyişiklikləri “Aztelekom” MMC-nin təqdim etdiyi xüsusi güzəşt tariflərini, o cümlədən şəhid ailələri və müharibə əlilləri üçün güzəştli “Təşəkkür” tarif paketlərini əhatə etməyəcək.

Bu işlər ölkəmizdə dünya trendləri ilə ayaqlaşma və əhalinin yüksəksürətli internetə olan tələbatında artım tendensiyasını nəzərə alaraq, göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi və dayanıqlı infrastrukturun təmin edilməsi məqsədilə həyata keçirilir.