AZAL UKRAYNADAKI HADİSƏLƏRLƏ ƏLAQƏDAR HƏR GÜN TƏXLİYƏ REYSLƏRİ YERİNƏ YETİRƏCƏK

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti Ukraynadakı hadisələrlə əlaqədar Vətənə qayıtmaq arzusunda olan həmvətənlərin daşınması üçün hər gün təxliyə reysləri yerinə yetirəcək.

AZAL-ın mətbuat xidmətindən bildirilib ki, Azərbaycan vətəndaşlarının təxliyə reysləri ilə daşınması ödənişsiz həyata keçirilir.

Martın 1-də AZAL artıq təxliyə reysi yerinə yetirib və 176 nəfər Azərbaycan vətəndaşı Vətənə qayıdıb.

Ukraynadan qonşu dövlətlərə köçmüş soydaşlarımızın təxliyəsi üçün Azərbaycan tərəfindən əlavə olaraq digər çarter reysləri də təşkil edilir. Belə ki, bu reyslərlə fevralın 28-də və martın 2-də 336 nəfər Azərbaycan vətəndaşı Bakıya çatdırılıb.

Ukraynanı tərk edən Azərbaycan vətəndaşları Vətənə qayıtmaq üçün Azərbaycanın xaricdəki diplomatik missiyaları ilə əlaqə saxlaya bilərlər.