
Azərbaycanın milli aviadaşıyıcısı AZAL xidmət keyfiyyətini daha da artırmaq məqsədilə yeni onlayn xidmətlər təqdim etməyə davam edir. “GetTransfer”, “Airalo” və “Booking” platformaları ilə əməkdaşlıq çərçivəsində aviaşirkət müştərilərinə əlavə imkanlar yaradır.
AZAL sərnişinlərinə təqdim olunan yeniliklərdən biri “GetTransfer” platformasıdır. Bu xidmət vasitəsilə sərnişinlər səfər etdikləri ölkədən asılı olmayaraq hava limanından transferi öncədən sifariş edə bilərlər. Bu, səyahət rahatlığını artırmağa və vaxt itkisini minimuma endirməyə imkan verir.
Bundan əlavə, aviaşirkət “Airalo” platformasının eSIM xidmətini də istifadəyə təqdim edir. “Airalo” platforması isə sərnişinlərə fiziki SIM-karta ehtiyac olmadan dünyanın istənilən yerində yaxınları ilə əlaqə saxlamağa imkan yaradır. Beləliklə, yüksək rouminq xərclərindən azad olaraq yerli mobil operator axtarmaq zərurəti aradan qalxır.
AZAL həmçinin “Booking” platforması ilə əməkdaşlıq çərçivəsində sərnişinlərə hotel rezervasiyası xidmətini təklif edir. Bu yenilik sayəsində sərnişinlər yalnız uçuş biletlərini deyil, eyni zamanda səyahət müddətində qalacaq məkanlarını da əvvəlcədən planlaşdıra bilərlər.
Qeyd edək ki, AZAL-ın rəsmi www.azal.az saytında və mobil tətbiqində də yer almış xüsusi keçidlər vasitəsilə sözügedən xidmətlərdən faydalanan sərnişinlər üçün özəl kampaniyalar və endirimlər nəzərdə tutulub.