
Bu gün “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) təyyarəsi Buxarestin “Henri Coanda” adına Otopeni aeroportuna ilk enişini edib. Rumıniya adət-ənənəsinə uyğun olaraq yerli aeroportlara ilk uçuşunu edən təyyarələr yanğınsöndürən maşınlarla hər iki tərəfdən sulanır.
Milli aviadaşıyıcının təyyarəsi Rumıniya İqtisadiyyat Nazirliyinin, “Henri Coanda” aeroportunun rəhbərliyi, Rumıniyanın nüfuzlu turizm şirkətlərinin rəhbərləri, hər iki ölkənin diplomatları tərəfindən qarşılanıb.
Tədbiri “Henri Coanda” aeroportunun rəhbər heyəti açaraq bu aviareysin ikitərəfli əlaqələr üçün mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. Qeyd olunub ki, uzun müddət ərzində gözlənilən bu hava əlaqəsi vasitəsilə Şərqi Avropa ilə Asiya ölkələrini birləşdirən Bakı şəhəri kimi yeni, çox sərfəli marşrut yaranır.
Sonra çıxış edən Rumıniya iqtisadiyyat, sahibkarlıq və turizm naziri Ştefan Radu Oprea Azərbaycan Prezidenti İlham Əliyevin bu reysin açılmasında göstərdiyi qətiyyətə görə təşəkkür edib. Reysin iki ölkə arasında əməkdaşlığın daha da möhkəmlənməsi üçün zəmin yaratdığını bildirib.
Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov yeni istiqamətin hər iki ölkə xalqının bir-birini daha da yaxından tanıması üçün bir fürsət olduğunu deyib. Səfir qeyd edib ki, artıq siyasi, iqtisadi, mədəni, diplomatik əlaqələr daha da intensiv inkişaf edəcək, yeni açılmış reys bölgələrimizi, coğrafiyamızı daha da yaxınlaşdıracaq: “Yeni layihələrin təşkili və həyata keçirməsində bu reysin böyük töhfəsi olacaq”.
AZAL-ın Satış Əməkdaşlıq İdarəsinin rəisi Çingiz Mürsəlov siyasi və iqtisadi əlaqələrin fəallaşması fonunda bu uçuşun vacibliyini vurğulayıb, Rumıniya və Azərbaycandan olan sərnişinlərin artıq birbaşa, həftədə iki dəfə olan reyslərdən yararlanacağı, uzun müddət gözlədikləri istiqamətin gələcək fəaliyyəti barədə danışıb.
Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare reysin turizm potensialından bəhs edib. O qeyd edib ki, xalqlarımız arasında əməkdaşlığın sürətli inkişafı üçün zəmin yaradan yeni istiqamətin turizm potensialı həddən artıq böyükdür: “Bu reysin açılması ilə rumın və Azərbaycan mədəniyyətlərinin qovuşması, xalqların bir-birini daha da yaxından tanıması mümkün olacaq”.






