AZAL BU GÜN BAKI-NAXÇIVAN-BAKI MARŞRUTU ÜZRƏ 11 REYS YERİNƏ YETİRƏCƏK

Azərbaycanın milli aviadaşıyıcısı AZAL öz resurslarından maksimum istifadə edərək qısa müddətdə əlverişsiz hava şəraiti ilə əlaqədar Bakı-Naxçıvan-Bakı marşrutu üzrə təxirə salınmış reyslərin sərnişinlərinin daşınmasını həyata keçirir.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən məlumat verilib. Çərşənbə axşamı, dekabrın 20-də Bakıdan Naxçıvana və əks istiqamətdə ümumilikdə 8 reys həyata keçirilib. Dekabrın 17-si və 18-i tarixlərində vaxtı dəyişdirilmiş uçuşların sərnişinləri sözügedən reyslərlə daşındılar.

Bu gün ərzində aviaşirkət həmçinin bu istiqamətdə 11 reys yerinə yetirəcək və dekabrın 18-i və 19-na planlaşdırılan reyslərin sərnişinlərinin daşınmasını həyata keçirəcək.

Aviaşirkətin Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bütün reysləri çərşənbə günü, dekabrın 21-də cədvələ uyğun yerinə yetiriləcək. Bakıdan Naxçıvana əlavə üç reysin uçuşu saat 11:00, 15:00 və 20:10, Naxçıvandan Bakıya isə saat 13:20, 17:20 və 22:30-a planlaşdırılıb.

Belə ki, aviaşirkət hava şəraiti səbəbindən təxirə salınan bütün reyslərin sərnişinlərinin təyinat yerinə daşınmasını bu gün başa çatdıracaq.

AZAL bütün sərnişinlərdən qeydiyyat masalarına öncədən yaxınlaşmağı xahiş edir.