Dövlət suverenliyimizin tam bərpasından sonra azad edilmiş ərazilərin iqtisadiyyatın əlavə dəyər yaradan sektorlarına dövriyyəyə cəlb edilməsinə geniş imkanlar açılıb. Son üç ildə keçirilən qlobal turizm forumlarında azad edilmiş ərazilərimizin rəqabətədavamlı turizm məkanına çevrilmək potensialı yüksək dəyərləndirilib.
Azad edilmiş ərazilər təbii-coğrafi özəllikləri, qədim tikililəri, zəngin mədəniyyəti, flora və faunası, mətbəxi ilə turistləri cəlb edir. Prezident İlham Əliyev bununla əlaqədar deyib: “Qarabağ bölgəsinin turizm potensialı, turizm marşrutları, tarixi abidələri göstərilməlidir ki, biz bu bölgəni, doğrudan da, dünya üçün çox cəlbedici bölgə kimi təqdim edək”.
Dünya miqyasında tanınmış blogerlərin, nüfuzlu turizm şirkətlərinin təmsilçilərinin, qeyri-hökümət təşkilatlarının, media nümayəndələrinin və s. azad edilmiş ərazilərə müntəzəm səfərlərinin təşkili ölkəmizin turizm potensialının təbliği baxımından səmərəli nəticələr verir. Bu günlərdə azad edilmiş ərazilərə üçüncü dəfə səfər edən Most Traveled People (MTP) təşkilatının bir qrup səyyahı regionda aparılan bərpa işlərinin sürətini təqdir edib. Təşkilatın rəhbəri Çarlz Veyli isə azad edilmiş ərazilərin mövcud turizm potensialını yüksək dəyərləndirib.
Ümumiyyətlə, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin əlverişli turizm zonasına çevrilməsi istiqamətində həyata keçirilən tədbirlər qlobal miqyasda maraqla qarşılanır. Prezident İlham Əliyevin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı” bu baxımdan fundamental əhəmiyyətli sənəd kimi diqqəti çəkir. Sənəddə azad edilmiş ərazilərin potensialı və coğrafi şəraiti nəzərə alınaraq, Kəlbəcər, Şuşa, Qubadlı, Zəngilan, Laçın, Füzuli və Xocavənd rayonları turizm sahəsi üzrə yeni iqtisadi mərkəzlər kimi qiymətləndirilir.
Nəqliyyat infrastrukturunun bərpası, habelə Füzulidə, Zəngilanda və Laçında yeni beynəlxalq hava limanlarının inşası bölgədə biznesin bütün sektorlarının inkişafına yeni imkanlar açır. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 3 may tarixdə imzaladığı “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncamı azad edilmiş ərazilərin bərpası və yenidənqurulması ilə bağlı müasir trendləri özündə əks etdirməklə yanaşı, ekoloji turizmin inkişafına etibarlı zəmin formalaşdırır.
Azad edilmiş şəhərlərdə müasir muzeylərlə yanaşı, daha geniş ərazidə açıq səma altında muzeylərin yaradılması nəzərdə tutulur ki, bu da erməni vandalizminin dünyada ifşası baxımından əhəmiyyətlidir.
Qarabağda turizmin inkişafına təkan verəcək mühüm layihələrdən biri də Zəngəzur dəhlizinin reallaşması olacaq. Yeni nəqliyyat və dəmir yolu xətti marşrutlarından istifadə təkcə region deyil, Avropa və Şərq ölkələri üçün də cəlbedicidir. Zəngəzur dəhlizinin reallaşması ilə Naxçıvan üzərindən Türkiyə və digər ölkələrin turistlərinin bölgəyə gəlişi mümkün olacaq.
MTM Analitik Qrup