Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də Koreya Respublikasının Prezidenti yanında Şimali İqtisadi Əməkdaşlıq Komitəsinin nazir statusunda sədri Çong Soo Parkı qəbul edib.
Dövlətimizin başçısı yaxın vaxtlarda Azərbaycanın azad edilmiş torpaqlarında görüləcək işlərlə bağlı Koreya Respublikasında təqdimatın keçiriləcəyini vurğulayaraq bildirdi ki, bundan məqsəd Koreya şirkətlərinin azad olunmuş torpaqlarda işlərə cəlb edilməsindən ibarətdir.
Azərbaycan Prezidenti işğal dövründə Ermənistanın müntəzəm olaraq şəhər və kəndlərimizi dağıtdığını qeyd etdi, Zəfərdən sonra həmin ərazilərdə genişmiqyaslı quruculuq işlərinin başlandığını dedi, Azərbaycana dost ölkələrin şirkətlərinin bu işlərə dəvət edildiyini bildirdi. Vurğuladı ki, Koreyada bu təqdimatın keçirilməsi də ölkələrimiz arasında dostluq münasibətlərini bir daha təsdiq edir.