AZAD EDİLMİŞ ƏRAZİLƏRDƏ DAYANIQLI İNKİŞAF VƏ LİBERAL BİZNES MÜHİTİ FORMALAŞIB

Son illərdə müxtəlif beynəlxalq tədbirlərə evsahibliyi edən Azərbaycan bir tərəfdən keçdiyi sürətli tərəqqi yolu, əldə etdiyi makroiqtisadi uğurlar barədə beynəlxalq ictimaiyyətdə dolğun təsəvvür yaradır, digər tərəfdən dünya təsərrüfat sistemində xüsusi yeri olan transmilli şirkətləri, biznes qurumlarını ölkədəki əlverşli biznes mühiti barədə məlumatlandırır.

Prezident İlham Əliyevin siyasi iradəsi ilə postmünaqişə dövründə həyata keçirilən tədbirlər, aparılan sistemli siyasət azad edilmiş ərazilərin real bərpa modelinə çevrilməsini təmin edib. Qeyd edilən ərazilərin zəngin iqtisadi potensialının müxtəlif tədbirlər, forumlar, sərgilər və s. vasitəsilə dünyaya təqdimatı, qlobal şirkətlərin buraya investisiya qoyuluşlarının stimullaşdırılması məsələləri xüsusilə diqqət mərkəzində olub. “Böyük Qayıdış” Proqramına əsasən, Qarabağ və Şərqi Zəngəzurda reallaşdırılan infrastruktur layihələri – yolların, dəmiryolu xətlərinin, energetika sisteminin bərpası, yeni beynəlxalq hava limanlarının inşası bu ərazilərin sürətli bərpasına xidmət edib.

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının 5 illik fəaliyyəti ilə əlaqədar Zəngilan şəhərində keçirilən tədbirdə açıqlanan fakt və rəqəmlər postmünaqişə dövründə reallaşdırılmış işlərin miqyasına dair dolğun təsəvvür formalaşdırır. Bu tədbir görülmüş işlərin konseptual hesabatı olmaqla yanaşı, azad edilmiş ərazilərin bərpası və reinteqrasiyasına dair dövlət siyasətinin davamlı, sistemli xarakterini, siyasi qərarların real nəticələr verdiyini, idarəetmədə yeni model formalaşdırıldığını ortaya qoyur. Bu model regional dirçəlişin planlaşdırılmasında, icrasında və monitorinqində mərkəzləşdirilmiş, eyni zamanda, çevik koordinasiya mexanizmlərinin tətbiqinə əsaslanır.

Tədbirdə vurğulandığı kimi, “Böyük Qayıdış”ın reallaşdırılması sahəsində görülən işlər yalnız infrastrukturun bərpası deyil, strateji inkişafın bütün komponentlərini əhatə edən kompleks yanaşmadır. Qarabağ və Şərqi Zəngəzurda tətbiq edilən yenidənqurma modeli postsovet məkanında analoqu olmayan, beynəlxalq ekspertlərin diqqətini cəlb edən yeni təcrübədir. Bu modeldə fiziki infrastrukturla yanaşı, sosial strukturun, iqtisadi həyatın, təhlükəsizliyin və mədəni irsin paralel şəkildə bərpası başlıca prinsip kimi götürülüb. Bu paralellik zaman itkisini minimuma endirir, reinteqrasiyanı sürətləndirir və əhalinin qayıdışını real prosesə çevirir.

İkinci Qarabağ müharibəsindən sonra azad edilmiş ərazilər üzrə 569 tədbirdə iştirakı, 177 layihənin təməlinin qoyulmasında, 167 obyektin açılışında şəxsən iştirak etməsi dövlət başçısı İlham Əliyevin “Böyük Qayıdış” Proqramına necə həssaslıqla yanaşdığını bir daha təsdiq edir. Ötən 5 ildə “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı”, 8 şəhərin Baş planı, 3 şəhərin müfəssəl planı təsdiqlənib, Xankəndi, Xocalı, Ağdərə və Xocavənd şəhərlərinin Baş planları işlənilmə mərhələsindədir.

Aidiyyəti dövlət qurumları və yerli şirkətlər tərəfindən aparılan minatəmizləmə fəaliyyəti nəticəsində 240 min hektardan çox ərazinin mina və partlamamış hərbi sursatdan təmizlənməsi, üç beynəlxalq hava limanının istifadəyə verilməsi, ümumi uzunluğu 3501,6 kilometr olan avtomobil yolları üzrə 60 layihədən 16-sı tam, 1-nin qismən icrası görülən işlərin inven­sivliyini və davamlılığını göstərir. Qeyd edilən dinamika dövlətin bu əraziləri yalnız iqtisadi zona deyil, milli identikliyin bərpası, regional təhlükəsizliyin gücləndirilməsi və strateji nəqliyyat mərkəzi kimi dəyərləndirdiyini təsdiqləyir.

Azərbaycan dövləti Qarabağ və Şərqi Zəngəzurun bərpasına, burada mühüm layihələrin reallaşdırılmasına həm də təbliğati-siyasi əhəmiyyətli məsələ kimi yanaşır. Bu ərazilərdə işgüzar fəaliyyətə cəlb edilən dövlətlərin sayının getdikcə çoxalması ölkəmizin haqq mübarizəsində geniş dəstəklənməsini, eyni zamanda, bölgədə etibarlı “təhlükəsizlik çətiri”nin formalaşmasını təmin edir. Azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinə cəlb edilən dövlətlər təbii olaraq buradakı reallıqlarla daha yaxından tanış olur, dayanıqlı sülh və sabitliyin möhkəmlənməsinə töhfə verir, eyni zamanda, ölkəmizin ərazi bütövlüyünü və süverenliyinə açıq dəstək ifadə edirlər.

Bu tədbirlər yerli və xarici sahibkarların həmin ərazilərin zəngin resurslarından, infrastruktur potensialından daha səmərəli istifadə etmələrinə, dövlət-özəl sektor tərəfdaşlığına da geniş imkanlar açır. Xüsusi azad zonalar üçün səciyyəvi olan stimullaşdırıcı güzəştlərin tətbiqi, qlobal infrastruktur layihələrinin reallaşdırılması azad edilmiş ərazilərimizdə biznes və sərmayə mühitinin cəlbediciliyini artırır. Qeyd olunan iqtisadi rayonların “Ağıllı şəhər”, “Ağıllı kənd”, “Yaşıl enerji” konseptləri əsasında yenidən qurulması, habelə müasir texnoloji yeniliklərin, innovasiyaların tətbiqi yerli və əcnəbi sahibkarlarda maraq doğurur. Ağdam və Cəbrayılda yaradılan sənaye parkları da bərpa prosesinin iqtisadi dayaqları olaraq real nəticələr verir.

Xatırlatmaq yerinə düşər ki, Prezident İlham Əliyevin 10 dekabr 2021-ci il tarixli “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncamı da azad edilmiş ərazilərin iqtisadi potensialının səmərəli realizəsi baxımından bir sıra stimullaşdırıcı tədbirlərə imkan açıb. Sərəncam əsasında Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər həmin ərazilərdə fəaliyyət göstərən rezidentləri 2023-cü il yanvarın 1-dən 10 il müddətinə mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş və sair vergilərdən azad edib.

Ötən 5 ildə bu ərazilərdə qısa müddətdə inşa edilən 38 su elektrik stansiyası Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası”na çevrilməsi konsepsiyası ilə tam uzlaşır. Bu tədbirlər regionu enerji baxımından özünü təmin edən məkana çevirərək, sənaye və sahibkarlığın inkişafı üçün dayanıqlı baza yaradır. Dövlət başçısının 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı” bu istiqamətdə işlərin sistemli, ardıcıl, əhatəli, konkret plan üzrə aparılmasına təminat yaradıb.

Son beş ildə görülən işlərin nəticəsi olaraq, azad edilmiş ərazilər Azərbaycanda səmərəli və iqtisadi işgüzar fəaliyyətin mühüm həlqələrindən birinə çevrilib.

MTM Analitik Qrup