2021-ci ildən başlayaraq, ölkəmizdə buraxılan bütün markalar Ümumdünya Poçt İttifaqı (ÜPİ) və Ümumdünya Filateliya İnkişafı Assosiasiyası (World Association for the Development of Philately – WADP) tərəfindən yaradılmış WADP Nömrələmə Sistemi (The WADP Numbering System – WNS) vasitəsilə qeydiyyata alınır. Bu da ölkəmizi təmsil edən “Azərpoçt” markalarının nüfuzunun daha da artmasına, beynəlxalq müsabiqə və sərgilərdə iştirak etməsinə imkan yaradır.
Bu barədə “Azərpoçt”-dan bildirilib.
Məlumata əsasən, hazırda 19-cu “ÜPİ Təsnifat Müsabiqəsi 2024”də iştirak hüququ qazanan “Azərpoçt” MMC bu il ərzində Rumıniyanın paytaxtı Buxarestdə keçirilmiş “EFIRO 2024”, ABŞ-ın San-Fransisko şəhərində “WESTPEX 2024”, həmçinin Fransanın paytaxtı Parisdə baş tutmuş “PARIS PHILEX 2024” beynəlxalq filateliya sərgilərində iştirak edib. Hazırda Azərbaycanın poçt markaları Çin Xalq Respublikasının Şanxay şəhərində keçirilən “ÇİN 2024” beynəlxalq filateliya sərgisində təmsil olunur. Bununla da 2024-cü il ərzində təşkil olunan beynəlxalq sərgilərdə “Azərpoçt” markaları dünyanı “səyahət” edərək insanları maarifləndirməyə və Azərbaycanı layiqincə beynəlxalq səviyyədə təmsil etməyə davam edir.