2024-cü il fevralın 12-dən 16-dək “International Space Convention 2024” (“Beynəlxalq Kosmik Konvensiya 2024” – “ISC 2024”) keçiriləcək.
“ISC 2024” sərgisində beş günlük təcrübədə aparıcı kosmik şirkətlər, agentliklər və təşkilatlardan olan 160-dan çox aparıcı kosmik sənaye sahəsində peşəkarlar fikir mübadiləsi aparacaq. 45 virtual məruzə və panel müzakirələrinin əsas mövzularına “Kosmik Yarış 2.0”, “İnsanların kosmos mühitlərinə hazırlanması”, “Peyk texnologiyaları və istehsalında innovasiyalar”, “Yeni nəsil startap vasitələri”, “Kosmik startap ekosisteminin stimullaşdırılması” və bir çox başqa mövzular daxildir. Tədbirin açılış mərasimində “Altair Enterprises”in həmtəsisçiləri və ən böyük virtual kosmik sənaye hadisəsi olan Beynəlxalq Kosmik Konvensiyanın təşkilatçıları Nika Chinchaladze and Martynas Fedotovas çıxış edəcəklər.
“Beynəlxalq kosmik hüquq, siyasət və qaydalar” adlı panelin məruzəçiləri Azərbaycan Kosmik Agentliyi – “Azərkosmos” ASC-nin nümayəndəsi Vüqar Məmmədov, Rumıniya Kosmik Agentliyinin nümayəndəsi Ulpia Botezatu, Çexiyanın “Stratosyst” şirkətinin təmsilçisi Martin Farkaç, Kosmik Strategiyalar Mərkəzinin nümayəndəsi Paul Szymanski, Kosmik Hüquq və Siyasət Həlləri təmsilçisi Michael J. Listner olacaq.
Qeyd edək ki, “ISC 2024”dəTürkiyəni “Türksat”ın Peyk Proqramları direktoru Mehmet Nefes təmsil edəcək. Həmçinin tədbirdə NASA-nın, İtaliya, Braziliya, Çexiya, Rumıniya və digər ölkələrin kosmik sənaye sahəsində mütəxəssislərlə panel məruzələrində iştirak edəcək.