AZƏRBAYCANLILARIN GERİYƏQAYIDIŞ HÜQUQUNUN TANINMAMASI REGİONDA SÜLHƏ MANE OLUR

İkinci Qarabağ müharibəsindən sonra rəsmi Bakı Ermənistanla yekun sülhün əldə olunması istiqamətində aparılan danışıqlarda bu ölkədən deportasiya edilmiş azərbaycanlılarının geriyəqayıdış hüququnun tanınmasını mühüm şərtlərdən biri kimi irəli sürüb. Bu günlərdə Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda beynəlxalq konfrans da ölkəmizin regionda sülhün, insan hüquqlarının və barışın əldə olunması istiqamətindəki ardıcıl və prinsipial siyasi gedişlərinin davamıdır.

Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətində yer alan fikirlər göstərir ki, Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışı yalnız humanitar deyil, həm də siyasi-hüquq, mənəvi mahiyyət kəsb edən vacib məsələdir. Rəsmi Bakı bununla əlaqədar Ermənistan qarşısındakı tələbi beynəlxalq hüquq norma və prinsiplərinə əsaslanmaqla, tarixi ədalətin bərpasına xidmət edir. Ölkəmiz bu mövzunu daxili və beynəlxalq platformalarda aktuallaşdıraraq, beynəlxalq hüququn ali prinsiplərinin qorunmasını, insan hüquqlarının bərpasını hədəfləyir. Belə ki, BMT-nin İnsan Hüquqları üzrə Ümumi Bəyannaməsində, Avropa İnsan Hüquqları Konvensiyasında və digər beynəlxalq sənədlərdə hər kəsin öz vətənində yaşamaq, oraya qayıtmaq hüququ tanınıb. Belə olan halda, azərbaycanlıların doğma torpaqlarına qayıdış hüququnu inkar etmək, buna aşkar şəkildə mane olmaq insan hüquqlarının kobud şəkildə pozuntusu kimi dəyərləndirilməlidir.

Rəsmi Bakı Qərbi azərbaycanlıların Ermənistanda vaxtilə yaşadıqları ərazilərə qayıdışına dair aydın və şəffaf proqram təqdim etsə də, qarşı tərəf əsassız bəhanələrlə mövzunun üzərindən keçməyə çalışır. Rəsmi İrəvanın bunu “ərazi iddiası kimi” dəyərləndirməsi, “ənənəvi təbliğat alətlərinə”, qarayaxma kampaniyalarına müraciət etməsi də sübut edir ki, Ermənistan gerçək faktlar qarşısında arqumentsiz vəziyyətdədir. Ötən əsrin əvvəllərində baş vermiş hadisələrdən fərqli olaraq, Ermənistanın XX əsrin sonuna yaxın milli-etnik zəmində azərbaycanlılara qarşı həyata keçirdiyi deportasiya cinayəti ilə bağlı təkzibedilməz foto və videokadrlar, şahid ifadələri, digər təkzibedilməz sübutlar var.

Prezident İlham Əliyevin müraciətində haqlı olaraq bu proses Ermənistanda hökm sürən saxta ideologiyanın nəticəsi kimi dəyərləndirilir, qarşı tərəfin sülhə mane olmaq cəhdləri diqqətə çəkilir: “Ermənistan cəmiyyətində türk xalqlarına qarşı dərin kök salmış nifrət, “böyük Ermənistan” xülyası, həmin ölkənin konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının yer alması, Qərbi azərbaycanlıların qayıdışına imkan verilməməsi sülhə mane olur”.

Qərbi azərbaycanlıların geriyə qayıdışı məsələsi eyni zamanda etnik təmizləməyə məruz qalmış 300 minə yaxın azərbaycanlının tarixi və mənəvi haqqının tanınması anlamına gəlir. Məhz bu tarixi-siyasi reallıq, hüquqi əsaslara söykənən mövqe Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanmasına zəmin yaradıb. Konsepsiya göstərir ki, bu məsələ təkcə tarixi, ictimai-siyasi diskussiya mövzusu deyil, dövlət səviyyəsində milli ideya məzmunlu hədəfdir. Bu istiqamətdəki çağırışları, təşəbbüsləri, keçirdiyi ardıcıl tədbirlər ölkəmizin beynəlxalq hüququ əsas götürən, sabitlik və dayanıqlı sülhə yönələn siyasətinin təzahürüdür.

Qərbi Azərbaycana Qayıdış məsələsinin uzunmüddətli strateji hədəflər sırasında yer alması prosesin mərhələli, davamlı və institusional əsaslar üzərində həyata keçirilməsinə yönəlib. Başqa sözlə, regionda dayanıqlı sülh yalnız hər hansı saziş və bəyanatla deyil, ilk növbədə, fundamental insan hüquqlarının bərpası yolu ilə təmin edilə bilər. Azərbaycanlıların geriyəqayıdış hüququnun tanınmaması iki xalq arasında etimad və barışıq mühitinin formalaşmasına mane olan əsas amillərdəndir. Məsələnin həlli gələcək nəsillər üçün daha ədalətli, sabit regionun qurulması baxımından da vacibdir.

Rəsmi Bakı hesab edir ki, bu gün Ermənistan ərazisində dağıdılmış məscidlərin və digər tarixi-mədəni abidələrin bərpası, qorunması barışıq və etimad mühitinin formalaşdırılmasına, sivil birgəyaşayışa xidmət edən vacib addımlar olardı. Bu prosesdə bir sıra beynəlxalq təşkilatların, xüsusilə YUNESKO və İSESKO kimi qurumların yaxından iştirakı da zəruri sayılır. Ermənistan azərbaycanlıların mədəni irsini qorumaq, bərpa etmək üçün həmin qurumların monitorinq missiyalarına şərait yaratmalı, soydaşlarımızın mülkiyyət hüquqları bərpa edilməlidir.

Sonuncu tədbirin Ankarada təşkili fonunda Türkiyənin Qərbi Azərbaycana qayıdış məsələsində ölkəmizə verdiyi dəstəyin əhəmiyyətini də xüsusi vurğulamaq lazımdır. Bu, ilk növbədə, məsələyə qardaş ölkə tərəfindən göstərilən siyasi və mənəvi həmrəyliyin təzahürüdür. Rəsmi Ankara bununla həm Qərbi azərbaycanlıların hüquqlarının tanınmasına, həm də Cənubi Qafqazda ədalətli, davamlı sülhün qurulmasına töhfə verməyə çalışır. Nəhayət, bu siyasi gediş Qərbi Azərbaycan probleminin yalnız Azərbaycanın deyil, türk və İslam dünyasının da diqqət mərkəzində olduğunu göstərir. Türkiyə paytaxtında keçirilən tədbir, eyni zamanda, etnik təmizləməyə məruz qalmış insanların geriyə dönüş hüququnun tanınması və qorunması ilə əlaqədar beynəlxalq ictimaiyyətə çağırışdır.

Şübhəsiz, hazırda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi yalnız qarşılıqlı hörmət və bərabər hüquqlara əsaslana bilər. Bu baxımdan Qərbi azərbaycanlıların Ermənistan ərazisində, öz ata-baba yurdlarında yaşamaq hüququnun təmin olunması son dərəcə zəruridir. Son illər bu məsələsinin milli ideya səviyyəsinə yüksəlməsi göstərir ki, rəsmi Bakı bu istiqamətdə iradəli, məqsədyönlü olmaqla yanaşı, konkret nəticələr əldə etmək əzmindədir.

MTM Analitik Qrup