AZƏRBAYCANLI MENECER “UAE WARRIORS 40” TURNİRİNƏ DƏVƏT OLUNUB

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə “UAE WARRIORS” təşkilatının növbəti – “UAE WARRIORS 40” turniri keçirilib. Bu tədbirə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “İdman jurnalistikası” magistr proqramının məzunu Rüfət Abdullayev “Al Qaisi” komandası tərəfindən media menecer kimi dəvət alıb. Komanda turnirə ABŞ-dən qatılıb.

Yarışda 66 kiloqram çəki dərəcəsində çıxış edən “Al Qaisi”nin təmsilçisi Əli Əlqaisi günün əsas döyüşündə – kəmər uğrunda qarşılaşmasında “Saracens Team” klubunu təmsil edən Əhməd Fareslə görüşüb. “Etihad Arena”da keçirilən və gərgin idman mübarizəsi şəraitində keçən döyüşün üçüncü raundunda Ə.Əlqaisi boğucu fənd tətbiq etməklə rəqibi üzərində tam üstünlüklə qələbə qazanıb. Qələbə MMA döyüşçüsünə yaxın gələcəkdə UFC-yə qatılmaq üçün əhəmiyyətli üstünlük qazandırıb.