AZƏRBAYCANLI GİMNAST MİNSK ŞƏHƏRİNDƏ KEÇİRİLƏN II MDB OYUNLARINDA FİNALA VƏSİQƏ QAZANIB

Belarusun paytaxtı Minsk şəhərində keçirilən II MDB Oyunları davam edir.

Azərbaycan Gimnastika Federasiyasının məlumatında bildirilib ki, II MDB Oyunlarında ölkəmizi təmsil edən bədii gimnastika üzrə yığma komandanın üzvü Kamilla Seyidzadə finala vəsiqə qazanıb.

İdmançı buna top və halqa ilə hərəkətlərin icrasında yüksək nəticə əldə edərək nail olub.

Minsk şəhərində keçirilən II MDB Oyunlarında ilkin yarışlar bədii gimnastika növü ilə başlayıb.

Xatırladaq ki, avqustun 4-də II MDB Oyunlarında Azərbaycanın qrup komandası beş iplə hərəkətlərdə 32,55 xal toplayaraq ikinci yeri tutub. Birinci yerdə isə ev sahibi Belarus komandası olub.

Azərbaycan komandasında Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərova yer alıb.