AZƏRBAYCANLI AVARÇƏKƏN ÇİNDƏ KEÇİRİLƏN XXXI YAY UNİVERSİADASINDA BÜRÜNC MEDAL QAZANIB

Azərbaycan avarçəkənlərinin Çinin Çendu şəhərində təşkil olunan tələbələrin XXXI Yay Universiadasındakı çıxışları uğurlu nəticə ilə yadda qalıb.

Bu barədə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasından məlumat verilib.

Bir nəfərlik akademik avarçəkmə qayığında 2 min metr məsafədə yarışan Bəhmən Nəsiri təsnifat və yarımfinal mərhələsini birinci yerdə başa vuraraq “A” finalında yarışmaq hüququ qazanıb. Nəsiri həlledici yürüşdə də inamlı çıxış edib. İdmançımız son anadək çempionluq uğrunda mübarizə aparıb. Yekunda qaliblər fotofinişlə müəyyənləşdirilib. B.Nəsiri az fərqlə üçüncü yer tutaraq bürünc medala sahib olub.

Eyni növdə yüngül çəkidə mübarizə aparan Ziya Məmmədzadə isə “B” finalında üçüncü nəticə göstərib.