
Dünyaşöhrətli azərbaycanlı alim Əhəd Canəhmədov akademik Boris Qusev adına beynəlxalq mükafata layiq görülüb və “STAR OF GLORY” (“Şöhrət Ulduzu”) ordeni ilə təltif edilib.
Alim bu yüksək mükafata mühəndislik işinin inkişafında müstəsna xidmətlərinə, yeni texnologiya və materialların işlənməsində və tətbiqində yüksək nəticələrinə, Beynəlxalq və Azərbaycan Mühəndislik akademiyalarının fəaliyyətində, eləcə də dövlətlərarası elmi-texniki əlaqələrin inkişafında fəal iştirakına görə layiq görülüb.
Xatırladaq ki, Əhəd Canəhmədov mexanik-filosof, texnika elmləri doktoru, professor, Azərbaycan Milli Aviasiya Akademiyasının Nəqliyyat mexanikası kafedrasının müdiri, Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidentidir. O, xarici ölkələrin bir sıra akademiyalarının həqiqi üzvü, 30-dan çox monoqrafiyanın, 3 elmi kəşfin və 450-yə yaxın elmi məqalənin və patentin müəllifidir. Əhəd Canəhmədovun fundamental əsərləri ingilis dilinə tərcümə edilib, ABŞ və Avropada nəşr olunub və beynəlxalq səviyyədə tanınıb. Alim xidmətlərinə görə xarici ölkələrin bir çox orden və medalları ilə təltif olunub.
