Noyabrın 29-da Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov ölkəmizdə səfərdə olan Yaponiya Xarici İşlər Nazirliyinin Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Masaki İşikava ilə görüşüb.
Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, tərəflər Azərbaycan və Yaponiya arasında ikitərəfli münasibətlərin gündəliyi üzrə əməkdaşlığın müxtəlif aspektlərini müzakirə ediblər. Müzakirələr zamanı iqtisadi-ticari, xüsusilə sənaye və enerji sahələrində əlaqələrin genişləndirilməsi, eyni zamanda, humanitar sahədə əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Bu xüsusda, Azərbaycanla Yaponiya arasında İqtisadi Əməkdaşlıq üzrə Dövlət Komissiyasının və Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin rolu vurğulanıb və gələn il növbəti birgə iclasın keçirilməsinin əhəmiyyəti qeyd olunub. Azərbaycan-Yaponiya parlamentlərarası əməkdaşlığının ikitərəfli münasibətlərin inkişaf etdirilməsində mühüm rolu qeyd edilməklə qarşılıqlı səfərlərin və təmasların intensivləşdirilməsinin faydalı olacağı bildirilib.
Görüş zamanı qarşı tərəfə postmünaqişə dövrü, Azərbaycanın davamlı sülhün bərqərar olunması istiqamətində atdığı addımlar, işğaldan azad edilmiş ərazilərdə mina problemi, o cümlədən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən bərpa və yenidənqurma layihələri barədə ətraflı məlumat verilib.
Xarici işlər nazirinin müavini Elnur Məmmədov həmkarına COP29-un uğurlu təşkili, əldə edilmiş nəticələr barədə məlumat verib və COP29 Sədrliyinə göstərdiyi dəstəyə görə Yaponiya tərəfinə minnətdarlığını bildirib.
Qarşı tərəf Azərbaycanı COP29 Sədrliyi, habelə tədbirin yüksək səviyyədə peşəkarlıqla təşkili və ölkəmizin iqlim dəyişikliyi ilə mübarizənin gücləndirilməsi istiqamətində liderlik səylərinə görə təbrik edib. COP29 çərçivəsində əldə olunmuş vacib razılıqların, xüsusilə İqlim Maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Məqsədinin müəyyən olunmasının, Paris Sazişi, maliyyə institutlarının illik iqlim maliyyəsi öhdəliyi, habelə İtki və Zərərə cavab verən Fond ilə bağlı qəbul olunan mühüm qərarların əhəmiyyəti vurğulanıb, bu istiqamətdə ölkəmizin fəaliyyəti təqdir edilib.