AZƏRBAYCANLA XORVATİYA ARASINDA MƏLUMAT MÜBADİLƏSİNƏ DAİR ANLAŞMA MEMORANDUMU TƏSDİQLƏNDİ

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Xorvatiya Respublikasının Maliyyə Nazirliyi arasında məlumat mübadiləsi və vergi tələblərinin alınmasında yardım haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Fərman imzalayıb.

Fərmanla qərara alınır:

– 2021-ci il oktyabrın 20-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Xorvatiya Respublikasının Maliyyə Nazirliyi arasında məlumat mübadiləsi və vergi tələblərinin alınmasında yardım haqqında Anlaşma Memorandumu” təsdiq edilsin.

– Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

– Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Xorvatiya Respublikası Hökumətinə bildiriş göndərsin.