AZƏRBAYCANLA TÜRKİYƏ ARASINDA YENİ ŞƏRTLƏRLƏ QAZ MÜQAVİLƏSİ İMZALANA BİLƏR

Azərbaycandan Türkiyəyə ildə 6,6 milyard kubmetr qaz tədarük olunması ilə bağlı 2001-ci ildə imzalanmış müqavilənin müddəti aprelin 16-da başa çatıb.

Bu barədə “S&P Global Platts” agentliyi məlumat verir.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov Trend-ə deyib ki, 16 aprel son qaz tədarükü günü olub.

“S&P Global Platts”dakı mənbənin sözlərinə görə, Türkiyənin “Botaş” şirkəti ilə “Şahdəniz” konsorsiumunu təmsil edən Azərbaycan Qaz Şirkəti (AGSC) arasında müqavilənin uzadılması ilə bağlı danışıqlar davam edir, tədarük dayandırılıb.

Eyni zamanda qeyd olunub ki, yaz mövsümünün gəlişi ilə Türkiyədə qaza tələbat azalır və bundan başqa, idxal üçün digər variantlar da mövcuddur. Mənbənin sözlərinə görə, buna görə də müqavilənin dərhal uzadılması ilə bağlı kəskin zərurət yoxdur.

Digər mənbələrin sözlərinə görə, Türkiyə ilə Azərbaycan arasında sıx münasibətləri nəzərə alaraq, ehtimal etmək olar ki, müqavilə bir qədər fərqli şərtlərlə uzadıla bilər.

Eyni zamanda TANAP boru kəməri operatorunun nümayəndəsi bildirib ki, aprel ayı üçün tranzit həcmlərinin artırılması ilə bağlı müraciət daxil olmayıb və gələcəkdə tranzit həcmlərinin artırılması planlaşdırılmır.