
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Türk Dünyası Mediatorlar Birliyinin İdarə Heyətinin sədri Yakup Erikelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Ombudsman Aparatının mətbuat xidmətindən verilən məlumata görə, müvəkkil görüş zamanı türk dövlətləri ilə əməkdaşlığın Azərbaycan Respublikası üçün mühüm əhəmiyyət daşıdığını, mövcud əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini bildirib. İnsan hüquq və azadlıqlarının müdafiəsi sahəsində türk dövlətləri arasında birliyin və əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə Türk Dövlətlərinin Ombudsmanlar və Milli İnsan Hüquqları İnstitutları Assosiasiyasının (TÜRKOMB) yaradıldığını qeyd edib.
Müvəkkil mediasiyanın Azərbaycan Respublikasında tətbiqindən və bu sahədə həyata keçirilən hüquqi islahatlardan danışıb. O, ölkəmizdə mediasiya fəaliyyəti ilə bağlı müraciətlərin araşdırılması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi və maarifləndirmə işinin təşkili məqsədilə Ombudsman Aparatı və Mediasiya Şurası arasında sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğunu bildirib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.

