AZƏRBAYCANLA SƏUDİYYƏ ƏRƏBİSTANI ARASINDA HƏRBİ ƏLAQƏLƏR MÜZAKİRƏ EDİLİB

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının hərbi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən bildirilib ki, general-polkovnik Z.Həsənov qonaqları Azərbaycanda görməkdən məmnunluğunu ifadə edib. Müdafiə naziri ölkələrimiz arasında dostluq və qardaşlıq prinsipi üzərində qurulan əlaqələrin inkişaf etdirilməsinə xüsusi önəm verildiyini və hər zaman Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət mərkəzində saxlanıldığını bildirib.

Bu il sentyabrın 24-26-da Bakı Ekspo Mərkəzində keçirilən “ADEX” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində Səudiyyə Ərəbistanının geniş tərkibdə nümayəndə heyəti ilə iştirakının yüksək qiymətləndirildiyi qeyd olunub.

Nazir Vətən müharibəsində qazanılan Qələbədən sonra azad edilmiş ərazilərin minalardan təmizlənməsi ilə bağlı görülən tədbirlər barədə qonaqları məlumatlandırıb və Səudiyyə Ərəbistanı tərəfindən bu işdə göstərilən dəstəyə görə onlara təşəkkürünü bildirib. Qeyd edilib ki, Vətən müharibəsindən sonra minaların partlaması nəticəsində indiyədək zərər çəkən 382 nəfər mülki və hərbi qulluqçudan 70 nəfəri həlak olub.

Daha sonra general-polkovnik Z.Həsənov Bakıda Azərbaycan-Türkiyə-Səudiyyə Ərəbistanı arasında kəşfiyyat sahəsində üçtərəfli formatda keçiriləcək işçi görüşündə iştirakçılara uğurlar arzulayıb.

Ölkəmizə səfərindən məmnun olduğunu qeyd edən nümayəndə heyəti göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması münasibətilə general-polkovnik Z.Həsənovu təbrik edib, şəhid olanlara Allahdan rəhmət diləyib və onların yaxınlarına dərin hüznlə başsağlığı verib. Qonaqlar hərbi nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əlaqələrimizin genişlənməsinə təkan verdiyini vurğulayıblar.

Görüşdə hərbi, hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri, eləcə də regional təhlükəsizlik məsələləri müzakirə edilib.

Sonra qonaqlar Azərbaycan Ordusunun Baş Qərargahına gəlib. Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Səudiyyə Ərəbistanı Krallığının nümayəndə heyəti ilə görüşüb.

Görüşdə qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığımızın daha da inkişaf edəcəyinə əminlik ifadə olunub. Tərəflər, həmçinin təcrübə mübadiləsinin əhəmiyyətini xüsusi vurğulayıb və maraq doğuran bir çox digər məsələlərə dair müzakirələr aparıblar.