
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfərinin təfərrüatları dəqiqləşdirilir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən brifinqdə bildirib.
Diplomat Azərbaycan ilə Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməni “tarixi sənəd” adlandırıb. O bildirib ki, sənəddə iki ölkə arasında əməkdaşlığın əsas istiqamətləri əksini tapıb. “Rusiya ilə Azərbaycan arasında müttəfiqlik əlaqələri həm regionda, həm də beynəlxalq aləmdə sabitləşdirici amildir”, – deyə Rusiya XİN-in sözçüsü qeyd edib.
M.Zaxarovanın sözlərinə görə, Azərbaycanla Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanmasının ildönümü ilə əlaqədar bir sıra tədbirlər də nəzərdə tutulub.
Bundan əlavə, o qeyd edib ki, Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevin həm Bakıya, həm də İrəvana səfərləri Rusiyanın vasitəçilik missiyasında maraqlı olduğunu bir daha təsdiqləyir.
M.Zaxarova rəsmi Moskvanın Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına dair danışıqlar üçün iki ölkənin XİN başçılarının görüşünü təşkil etməyə hazır olduğunu da bildirib.
