AZƏRBAYCANLA İSPANİYA ARASINDA DİPLOMATİK ƏLAQƏLƏRİN 30 İLLİYİ QEYD EDİLİR

11 fevral 2022-ci il tarixində Azərbaycan Respublikası ilə İspaniya Krallığı arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd edilir.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, ötən 30 il ərzində Azərbaycan və İspaniya arasında qurulmuş dialoq və qarşılıqlı anlaşmaya əsaslanan möhkəm dostluq münasibətləri yüksələn xətt üzrə inkişaf etməkdədir. İki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi, enerji, mədəniyyət, turizm, humanitar, idman və digər sahələri əhatə edir.

Azərbaycan və İspaniya beynəlxalq hüququn norma və prinsiplərini əsas tutaraq, bir-birilərinin suverenliyi ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəkləyir və hörmət edirlər.

Yüksək səviyyədə həyata keçirilən siyasi dialoq, iki ölkə arasında beynəlxalq və regional təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq əlaqələrinin daha da inkişafına təkan verir.

İqtisadi, turizm, mədəniyyət və digər sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi, müqavilə-hüquq bazasının genişləndirilməsi istiqamətində atılan addımlar ölkələrimiz arasında əməkdaşlığın inkişafı üçün yeni əlverişli perspektivlər açır. Hər iki ölkənin parlamentləri arasında yüksək səviyyədə olan əlaqələr ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsində əhəmiyyətli töhfə verməkdədir.

Azərbaycan və İspaniya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə İspaniya hökumətinə və xalqına səmimi təbriklərimizi ifadə edir və ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyimizi ifadə edirik.