AZƏRBAYCANLA ICCROM-UN ƏMƏKDAŞLIĞINA DAİR MÜZAKİRƏ APARILIB

Azərbaycanın mədəniyyət naziri Adil Kərimli İtaliyaya səfəri çərçivəsində qərargahı Romada yerləşən Mədəni Mülkiyyətin Qorunması və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (ICCROM) baş direktoru xanım Aruna Françeska Maria Gujral ilə görüşüb.

Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən görüşdə nazir multikultural ölkə olan Azərbaycanda müxtəlif xalqlara və dinlərə məxsus mədəni mirasın qorunmasının, təmir və bərpasının bu sahədə dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu deyib. Bildirilib ki, Azərbaycan həm dövlət səviyyəsində, həm də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondunun xətti ilə bir sıra dinlərə mənsub abidələrin, ziyarətgahların bərpasına mühüm töhfələr verir.

ICCROM-un baş direktoru noyabr ayında Bakıda təşkil olunan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirakından və keçirdiyi görüşlərdən məmnunluğunu bildirib. O, Azərbaycanın bu mötəbər tədbirə yüksək səviyyədə ev sahibliyi etdiyini, COP29-un uğurla nəticələndiyini deyib.

Görüşdə Azərbaycan və ICCROM-un əməkdaşlığı ilə bağlı müzakirə aparılıb.