AZƏRBAYCANLA GECİKƏN SÜLH YENƏ ERMƏNİSTANIN  REGİONAL LAYİHƏLƏRDƏ İŞTİRAK ARZUSUNU GÖZÜNDƏ QOYUR

Azərbaycanla sülh müqaviləsinin imzalanmasını, əməkdaşlıq münasibətlərinin qurulmasını ləngitməsi Ermənistan üçün getdikcə daha böyük problemlər yaradır. Əvvəla, bu hal Ermənistanın əvvəlki kimi regionda həyata keçirilən transmilli əhəmiyyətə malik layihələrdən kənarda qalmasına gətirib çıxarır. İkinci bir tərəfdən hadisələrin bu səpkidə inkişafı Ermənistanın yenə xarici asılılıq vəziyyətində qalmasını şərtləndirir. Özü də bu, o kontekstdə baş verir ki, indi   Ermənistana ağalıq etmək istəyənlərin sayı artır. Onlar məqsədləri üçün ən müxtəlif yollarla Ermənistana təsir edirlər, təzyiq göstərirlər. Hətta iş o yerə çatıb ki, Ermənistan artıq müxtəlif güclər arasında yeni toqquşma məkanına çevrilmək üzrədir. Halbuki, Azərbaycan və Türkiyə kimi qonşuları ilə münasibətlərini normallaşdırması, sülh, əməkdaşlıq üçün rəsmi Bakının təkliflərinin qəbulu Ermənistan qarşısında tamamilə yeni imkanlar aça, bu ölkəni müstəqil inkişaf yoluna çıxara bilər.

İrəvanın burada nəzərə almalı olduğu daha bir vacib nüans odur ki, Cənubi  Qafqazda reallaşan və ya bu region üzərindən həyata keçirilən layihələrdə əsas söz sahibi Azərbaycandır. Bu da o deməkdir ki,  Ermənistanın regionda hansısa transmilli layihələrdə iştirakı yalnız Azərbaycanın razılığından sonra mümkündür. Ölkəmizin razılığı isə sülh müqaviləsinin imzalanması, əməkdaşlıq münasibətlərinin qurulmasından sonra mümkündür. Bunu Ermənistanda da görənlərin, qəbul edənlərin sayı az deyil. Qeyd edilməlidir ki, sözügedən hal Prezident İlham Əliyevin Çinə səfərindən sonra Ermənistanda yenidən diqqət mərkəzində yer alaraq, geniş müzakirə predmetinə çevrilib.

Artıq məlumdur ki, həmin səfər Azərbaycan-Çin münasibətlərində yeni səhifə açır, qarşılıqlı münasibətləri hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldir. Bu, həm də Çin üçün Azərbaycan tərəfindən Cənubi Qafqazda, Xəzər hövzəsində yeni imkanların yaradılması deməkdir. Nəticə etibarı ilə Çin və Azərbaycanın iştirakı ilə Cənubi Qafqazın daxil olduğu transmilli layihələrin miqyasının daha da genişləndirilməsi gözlənilir ki, indiki şəraitdə Ermənistan yenə bütün bunlardan kənarda qalacaq. İrəvanda nəzərə alırlar ki, Azərbaycan və Çin strateji tərəfdaşlardır, biri-birlərinin maraqlarını birmənalı şəkildə müdafiə edirlər. Bu da o anlama gəlir ki, Çin Azərbaycanın Ermənistana yanaşmasını nəzərə alır. Qeyd edilən fonda Çinin Azərbaycana yeni təyin olunmuş səfiri Lu Meyin Azərbaycan Prezidentinin Çinə səfərinin əsas məqamlarını 5 açar sözlə – yüksəliş, dəstək, əməkdaşlıq, dostluq və gələcək kəlmələri ilə səciyyələndirməsi heç də təsadüfi deyil. Bundan başqa səfir əlavə edib: “Çinin Sədri Si Cinpin Prezident İlham Əliyevi “Çin xalqının köhnə dostu” adlandırdı ki, bu da Çin xalqının xarici ölkələrdən gələn dost xalqa verdiyi ən yüksək qiymətdir… Bir sıra xüsusi, ürəkaçan tədbirlər ürəklərdə kəsişən, bir-birinə səmimiyyətlə yanaşan və bir-birinə məhəbbət bəsləyən iki ölkə arasında dərin dostluğu tam nümayiş etdirir”.

O da məlum həqiqətdir ki, Cənubi Qafqazın daxil edildiyi transmilli layihələrin həyata keçirilməsinin bir çoxunun təşəbbüskarı Azərbaycandır. Digər mərkəzlərdən gələn təşəbbüslərdə isə yenə əsas iştirakçı qismində Azərbaycan yer alır. Deməli, belə layihələrdə Azərbaycanın yanaşması, mövqeyi mütləq şəkildə nəzərə alınır. Bütün bunlar bir daha təsdiq edir ki, Ermənistan Çin və digər iqtisadi, siyasi güc mərkəzlərinin reallaşdırdığı, Cənubi Qafqazın daxil olduğu transmilli layihələrdə  iştirak üçün öncə Azərbaycanla münasibətlərini normallaşdırmalı, ölkəmizlə sülh şəraitində yaşamalıdır. Bunu Çin nümunəsində erməni politoloq Benjamin Poqosyan da təsdiq edir: “Çinin Cənubi Qafqazda müstəsna iqtisadi marağı var və bu, Pekinin tranzit layihələrinin məntiqinə tamamilə uyğundur.  Bakı və Ankara ilə münasibətlər nizamlanmayana qədər Ermənistanın belə layihələrdə iştirakını gözləmək əbəsdir. Ermənistan-Azərbaycan , Ermənistan-Türkiyə sərhədləri bağlıdırsa, o zaman Ermənistanın Çin-Cənubi Qafqaz, Çin-Mərkəzi Asiya, Xəzər dənizi, Avropa arasında marşrutda yer ala bilməyəcəyi göz qabağındadır”.

Siyasi, iqtisadi sahədə Ermənistanın Cənubi Qafqazda Çinlə münasibətləri ən aşağı səviyyədədir. Halbuki, Çin  Azərbaycan və Gürcüstanla strateji tərəfdaşlığa dair sənədlər imzalayıb. Maraqlıdır ki, indiki şəraitdə Ermənistan istəsə də Çinlə belə bir sənəd imzalamağa cəsarət etmir. Benjamin Poqosyan bunun səbəblərini belə izah edir: “Biz Çin və ABŞ arasında münasibətlərin necə pisləşdiyini görürük. Bu şəraitdə Çinlə eyni məzmunlu bəyannamənin imzalanmasının Ermənistana fayda verib-verməyəcəyi bilinmir. Bunu əslində, Donald  Tramp ABŞ Prezidenti seçilməzdən əvvəl nəzərə almaq lazım idi”. Politoloq etiraf edir ki, Ermənistandan fərqli olaraq Azərbaycan Çinlə uğurlu əlaqələr qurub, bu ölkənin Avropaya ixracında mühüm rol oynayır: “Mən Çin-Mərkəzi Asiya-Xəzər dənizi-Cənubi Qafqaz-Avropa istiqamətini nəzərdə tuturam. Bu marşrut Orta Dəhliz kimi tanınır. Artıq Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan marşrutu fəaliyyət göstərir, oradan Qara dəniz vasitəsilə Avropaya məhsullar daşınır. Digər marşrut Çin-Qazaxıstan-Xəzər dənizi xəttidir. Buradan yüklər Azərbaycana, oradan isə Bakı-Tbilisi dəmir yolu ilə Türkiyə və Avropaya nəql edilir”.

Bundan öncə digər erməni ekspert Vahe Davtyan da diqqətə çatdırmışdı ki, bu gün heç bir güc mərkəzi Ermənistanı aktor kimi qəbul etmir: “Xarici siyasət daxili siyasətin davamıdır. Bütün geosiyasi və regional aktorlar bizə marağını itirib və buna görə də biz bütün regional iqtisadi layihələrdən – Şimal-Cənub nəqliyyat və elektrik layihələrindən, qaz nəqli layihələrindən, Ermənistan-İran layihələrindən və digər layihələrdən kənarda qalmışıq”.  Eyni fikirdə olan erməni ekspertlərinin, araşdırma institutlarının sayı kifayət qədərdir.

Real vəziyyət bir daha göstərir ki, Ermənistan Cənubi Qafqazda Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra yaratdığı reallıqları qəul etməyənə, ölkəmizlə sülh və əməkdaşlıq şəraitində yaşamayana qədər regiondakı birgə layihələrdən kənarda qalacaq. Ermənistan üçün yeganə seçim Azərbaycanla sülh və əməkdaşlıq şəraitində yaşamaq, regional xarakterli əməkdaşlığın əsasını qoymaq üçün isə Zəngəzur dəhlizini açmaqdır. Bu dəhlizin işə düşməsi Ermənistan qarşısında çoxsaylı perspektivlər açır, o, həm də əməkdaşlıq münasibətlərinin qurulması istiqamətində mühüm töhfələr vermək iqtidarındadır. Ermənistan nəzərə almalıdır ki, həmin dəhlizlə təkcə daşımalar həyata keçirilməyəcək, Azərbaycan perspektivdə buradan təbii qaz, elektrik enerjisinin ixrac olunmasını da istisna etmir. Bunlar Ermənistan üçün də genişmiqyaslı dividendlər vəd edir. Amma bunlardan yararlanmaq üçün Azərbaycanla sülh, əməkdaşlıq əlaqələrini qurulması zəruri şərtdir.

MTM Analitik Qrup