AZƏRBAYCANLA ERMƏNİSTAN ARASINDA TİCARƏT ƏLAQƏLƏRİ BEYNƏLXALQ MİQYASDA TƏQDİR EDİLİR – TƏHLİL

Yanvarın 11-də Azərbaycandan Ermənistana üçüncü partiya neft məhsullarının göndərilməsi Cənubi Qafqazda postmünaqişə dövrünün iqtisadi əməkdaşlıq və inteqrasiya ilə əvəzləndiyini təsdiqləyən növbəti diqqətçəkən hadisələrdən biri kimi dəyərləndirilir. Uzun illər davam edən qarşıdurma və dərin etimadsızlıq fonunda bu cür praqmatik addımlar sülh prosesinin praktik müstəvidə irəlilədiyini göstərən mühüm göstəricidir. Məhz bu səbəbdən də bu proses beynəlxalq arenada müsbət qarşılanır, aparıcı dövlətlər, nüfuzlu media qurumları, analitik siyasi mərkəzlər tərəfindən regionda normallaşmaya xidmət edən real addımlar kimi yüksək qiymət alır.

Ermənistana neft məhsulları satışının davamlı xarakter alması Azərbaycanın regional siyasətdə formalaşdırdığı müsbət imicin güclənməsinə bilavasitə təsir göstərir. Rəsmi Bakı uzun müddətdir ki, regionda sabitlik, əməkdaşlıq və qarşılıqlı faydalılıq prinsiplərinə əsaslanan yanaşmanı prioritet elan edib. Ermənistana neft məhsullarının ixracı bu mövqenin siyasi bəyanatlar səviyyəsində qalmadığını, konkret və praqmatik addımlarla reallaşdırıldığını nümayiş etdirir. Bu həm də beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın məsuliyyətli, praqmatik və konstruktiv regional aktor kimi qəbulunu şərtləndirir.

Konkret olaraq Almaniya Xarici İşlər Nazirliyinin bununla bağlı açıqlaması Azərbaycanın regional əməkdaşlığa verdiyi sanballı töhfələrin yüksək dəyərləndirildiyini göstərir. Nazirliyin Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə direktoru Niklas Vaqner “X” platformasında paylaşım edərək, Azərbaycandan Ermənistana yanacaq məhsulu tədarükünü Ermənistanla ticarət münasibətlərinin normallaşdırılması baxımından ümidverici addım olduğunu bildirib. Almaniya kimi aparıcı Avropa dövlətinin bu mövqeyi ölkəmizin təşəbbüslərinin Avropa siyasi dairələrində dəstək qazandığını göstərir.

Son bir ay ərzində Ermənistana yanacaq məhsulları yüklənmiş 3 qatarın yola salınması ikitərəfli ticarət əlaqələrinin bərpası istiqamətində addımların davamlı xarakter daşıdığını göstərir. Ötən il avqustun 8-də Vaşinqtonda paraflanmış Yekun Sülh Sazişinin bu il imzalanması üçün ciddi siyasi iradə nümayiş etdirən tərəflər düşmənçilik və ədavət səhifəsinin geridə qaldığını konkter addımlarla dünyaya nümayiş etdirirlər. Yanacaq kimi strateji məhsulun alqı-satqısı praktik əməkdaşlıq tələb edir və tərəflər arasında texniki, logistika və kommersiya səviyyəsində əlaqələrin qurulmasına təkan verir. Bu əlaqələr sülh quruculuğu prosesinin davamlı və real əsaslar üzərində qurulmasına imkan yaradır.

Digər mühüm məqam Ermənistanda ictimai rəyin sülh istiqamətində dəyişməsi, revanşist qüvvələrin iflasıdır. Azərbaycanla iqtisadi əməkdaşlığın mümkünlüyü və faydaları praktik olaraq təsdiqini tapdıqca, radikal-revanşist qüvvələrin “təcrid”, “blokada” və “daimi düşmən obrazı” üzərində qurulmuş əsassız siyasi iddiaları zəifləyir. Azərbaycandan neft məhsullarının idxalı Ermənistan cəmiyyətinə göstərir ki, regionda əməkdaşlıq daha real iqtisadi faydalar, sabitlik və təhlükəsizlik vəd edir.

Ticarət əlaqələri fonunda ən mühüm məqamlardan biri də Ermənistanın guya blokada və təcrid vəziyyətində olması barədə illərdir ki, beynəlxalq müstəvidə aparılan təbliğatın əsassızlığının bir daha təsdiqini tapmasıdır. Azərbaycanın öz ərazisi üzərindən Ermənistana yüklərin keçməsinə imkan yaratması, eyni zamanda, neft məhsullarını bu ölkəyə ixrac etməsi deməyə əsas verir ki, qarşı tərəf son 30 ildə işğalçı siyasəti üzündən özünütəcrid duruma düşüb.

Bu məqamda Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi fikirləri xatırlatmaq yerinə düşər: “Nə o vaxt blokada var idi, nə bu gün blokada var. Əksinə, bu gün Azərbaycan ərazisindən Ermənistana müxtəlif yerlərdən yüklər gedir, yollar açıldı və hətta Azərbaycanın neft məhsulları Ermənistana ixrac edilir. Hansı blokadadan söhbət gedə bilər?!”.

Bu açıqlama, eyni zamanda, ABŞ Konqresində vaxtilə qəbul edilmiş, uzun illər Azərbaycana qarşı siyasi təzyiq aləti kimi istifadə olunmuş “Azadlığa Dəstək Aktı”na bədnam 907-ci düzəlişin qüvvədə qalmasının absurd olduğunu göstərir. Həmin düzəlişin tətbiqində əsas “arqument” ölkəmizin Ermənistanı “blokadada saxlaması” iddiası idi. Halbuki, işğalçı siyasəti üzündən Azərbaycan və Türkiyə ilə münasibətləri kəsilən Ermənistan Naxçıvan MR-i bu gün də blokadada saxlayır. Prezident İlham Əliyevin vurğuladığı kimi, əgər 907-ci düzəlişin formal səbəbi “blokada” idisə, hazırda bu səbəb faktiki olaraq mövcud deyil. Əksinə, real vəziyyət göstərir ki, Azərbaycan regionda nəqliyyat və ticarət əlaqələrinin açılmasına şərait yaradır, Ermənistanla iqtisadi münasibətlərin qurulmasında maraqlı olduğunu sübut edir. Dövlət başçısı Donald Tramp Administrasiyasına inamını ifadə edərək bildirib ki, ABŞ-nin yeni rəhbərliyi öz imkanlarından istifadə edərək, Konqres üzvlərini, xüsusilə Respublikaçılar Partiyasının nümayəndələrini 907-ci düzəlişin tamamilə aradan qaldırılması zəruriliyinə inandıra bilər. Rəsmi Bakının son addımları bu kontekstdə Vaşinqtonda daha obyektiv yanaşma formalaşması üçün ciddi əsaslar yaradır.

Ümumilikdə, beynəlxalq media subyektləri və analitik mərkəzlər formalaşmaqda olan ticarət əlaqələrini sülh gündəliyinin real töhfəsi kimi qiymətləndirir. Son 20 gündə “Reuters”, “Politico Europe”, “Euronews” və “Eurasianet” kimi media platformalarında dərc olunan materiallarda qeyd olunub ki, iqtisadi əməkdaşlıq siyasi dialoqun davamlılığı üçün etibarlı zəminlərdən biridir. Avropa analitik dairələri də vurğulayır ki, enerji və ticarət sahəsində əməkdaşlıq münaqişədən çıxmış regionlarda etimadın bərpası üçün effektiv mexanizmdir.

Qərbin bir sıra beyin mərkəzləri də bu prosesi diqqətlə izləyir. Baş ofisi Vaşinqtonda yerləşən “Carnegie Endowment for International Peace” tərəfindən yayımlanan son təhlillərdə vurğulanır ki, iqtisadi əlaqələrin bərpası Cənubi Qafqazda uzunmüddətli sülh üçün effektiv alətlərdən biridir. Ümumi qənaət bundan ibarətdir ki, bu cür iqtisadi addımlar Cənubi Qafqazda qarşıdurmadan əməkdaşlığa keçidin real və beynəlxalq səviyyədə dəstəklənən yoludur.

MTM Analitik Qrupu