
Aprelin 17-də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq əlaqələr idarəsinin rəisi polkovnik Ərgüc Kələntərli Efiopiya Federativ Demokratik Respublikasına səfəri çərçivəsində həmin ölkənin Fəlakət Risklərinin İdarə edilməsi Komissiyasının komissarı Şiferau Teklemariam ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı ikitərəfli və beynəlxalq səviyyədə fövqəladə halların idarə olunması sahəsində əməkdaşlığın gücləndirilməsi imkanları müzakirə olunub.
Efiopiya rəsmisi ölkəsinin fövqəladə halların idarə olunması sahəsində Azərbaycanla çoxşaxəli əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu ifadə edib, Azərbaycanın bu sahədə qazandığı təcrübənin öyrənilməsinin əhəmiyyətini vurğulayıb.
Fövqəladə Hallar Nazirliyinin Akademiyasında tərəfdaş ölkələrin nümayəndələri üçün xüsusi tədris proqramlarının təşkili imkanları barədə Komissara məlumat verilib, qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunub.
Səfər çərçivəsində Afrika İttifaqının Efiopiyada yerləşən bir çox üzv dövlətinin səfirləri ilə görüşlər keçirilib, fövqəladə halların idarə olunması sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində geniş fikir mübadiləsi aparılıb.