AZƏRBAYCANLA BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKƏRİ ARASINDA ƏLAQƏLƏR YÜKSƏLƏN XƏTTLƏ İNKİŞAF EDİR

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında münasibətlər son illərdə daha da dərinləşərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bunu şərləndirən əsas amillərdən biri də iki ölkənin siyasi rəhbərliyinin qarşılıqlı etimad və dostluq əlaqələri, eyni zamanda, gələcəyə hesablanmış praqmatik yanaşmasıdır.

Prezident İlham Əliyevin BƏƏ rəhbəri Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla müntəzəm siyasi dialoqu, dövlət başçıları səviyyəsində aparılan müzakirələr və yüksək səviyyəli səfərlər əlaqələrin sürətli inkişafına mühüm töhfə verir. Dövlət başçısının BBƏ-nin milli bayramı münasibətilə həmkarına ünvanladığı təbrik məktubu ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən xəbər verir: “Ötən dövr ərzində bu möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimizin yüksələn xətt üzrə inkişaf edərək keyfiyyətcə yeni səviyyəyə çatması məmnunluq doğurur. Şübhəsiz ki, ali səviyyəli müntəzəm qarşılıqlı səfərlər, görüşlər, sıx əməkdaşlığımız bu münasibətlərin daha sürətlə inkişafına və möhkəmlənməsinə şərait yaradır”.

Azərbaycanın investisiya mühiti və reallaşdırdığı layihələr bu əlaqələrin son illərdə daha da genişlənməsində vacib rol oynayıb. Ölkəmiz uzun illərdir ki, əlverişli biznes mühiti, siyasi və iqtisadi cəhətdən sabitliyi, proqnozlaşdırıla bilən iqtisadi inkişaf modeli ilə seçilir. Müasir infrastruktur, şəffaf hüquqi baza, regional nəqliyyat dəhlizlərinə çıxış, beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin tam və vaxtında icrası ölkədə biznes mühitinin liberallığını təmin edir. Bu səbəbdən BƏƏ şirkətləri ölkəmizi Cənubi Qafqaz və ümumən Avrasiya məkanında ən cəlbedici investisiya məkanlarından biri kimi dəyərləndirirlər.

Bu ölkənin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın sentyabr ayında Azərbaycana, eləcə də işğaldan azad edilmiş ərazilərə tarixi səfəri mövcud münasibətlərin strateji xarakterini əks etdirən mühüm hadisə oldu. BƏƏ liderinin işğaldan azad olunmuş əraziləri ziyarət etməsi ölkəmizə siyasi və mənəvi dəstək olmaqla yanaşı, strateji tərəfdaşlığın real məzmununu qabarıq şəkildə göstərdi. Şuşada imzalanmış sənədlər arasında investisiya qoyuluşlarının təşviqi, logistika əlaqələrinin genişləndirilməsi, enerji, turizm və texnologiyalar sahələrində əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Bu sırada “Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə”ni xüsusi qeyd etmək lazımdır. Sənəd ənənəvi sahələr üzrə əməkdaşlığı genişləndirməklə yanaşı, həm də yeni istiqamətlərin inkişafı baxımından geniş imkanlar yaradır.

Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə əsasında noyabrın 27-də Əbu-Dabidə keçirilən ilk iclas tərəflərin yüksək siyasi iradəsini və gələcəyə dair konkret planlarını bir daha nümayiş etdirib. Aparılan müzakirələr deməyə əsas verir ki, tərəfdaş ölkənin aparıcı biznes dairələri Azərbaycandakı coğrafi, iqtisadi və innovativ üstünlükləri yüksək qiymətləndirirlər. Xüsusilə Cənubi Qafqazda tranzit və logistika mərkəzi kimi Azərbaycanın artan rolu, Orta Dəhliz vasitəsilə Asiyadan Avropaya daşınmalarda əsas oyunçuya çevrilməsi BƏƏ biznesi üçün geniş imkanlar açır.

İkitərəfli iqtisadi əlaqələrin inkişafı statistik rəqəmlərdə də əksini tapır. Bu ilin yanvar-avqust aylarında Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında ticarət əməliyyatlarının həcmi 104,6 milyon ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsindən məlumatına görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 45,2 milyon ABŞ dolları və ya 76,1 faiz çoxdur.

Ölkələrimiz arasında əmtəə dövriyyəsi 2026-cü ildə 2,24 milyard dollar təşkil edib və bu il artım tendensiyası davam edir. Birgə biznes forumları, sərgilər, iqtisadi əməkdaşlıq üzrə komissiyaların iclasları tərəflərin ticarət və sənaye əlaqələrini möhkəmləndirir. 5

Azərbaycanın “yaşıl enerji zonası” konsepsiyası ilə BƏƏ-nin strateji enerji şirkətlərinin texnoloji və maliyyə imkanları bir-birini tamamlayır. Alternativ və bərpa olunan enerji istehsalı üzrə qarşılıqlı faydalı əməkdaşlıq ölkələrimiz arasında mühüm istiqamətlərdən birinə çevrilib. Azərbaycan 2030-cu ilə qədər enerji istehsalında yaşıl mənbələrin payını 35 faizə çatdırmağı hədəfləyir və bu məqsədə nail olmaq üçün BƏƏ-nin dünya miqyasında məşhur “Masdar” şirkəti ilə sıx əməkdaşlıq edir. Qaradağda 230 MVt gücündə Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi bu əməkdaşlığın ən uğurlu nümunələrindəndir. Hazırda “Masdar” şirkəti Qaradağ külək, Biləsuvar və Neftçala günəş stansiyalarının inşasını öz sərmayəsi hesabına həyata keçirir. Bu layihələr Azərbaycanın yaşıl enerji mərkəzinə çevrilməsi, qeyri-neft sektorunun inkişafı və ixrac qabiliyyətinin artırılması baxımından xüsusi rol oynayır.

BƏƏ-nin kənd təsərrüfatı sahəsində Azərbaycanla əməkdaşlığı da yeni istiqamətlərdən biridir. Ərzaq təhlükəsizliyini strateji məsələ kimi qəbul edən BƏƏ üçün Azərbaycanın münbit torpaqları, təmiz su ehtiyatları və ekoloji baxımdan əlverişli iqlimi böyük üstünlüklər yaradır. Xüsusilə Şərqi Zəngəzur və Qarabağ regionlarının kənd təsərrüfatı potensialı aqrar şirkətlərin diqqətini cəlb edir.

Rəqəmsal iqtisadiyyat və informasiya texnologiyaları üzrə əməkdaşlıq yeni istiqamətlərdən biridir. Azərbaycanın rəqəmsal transformasiya siyasəti, elektron hökumət təşəbbüsləri və süni intellekt sahəsindəki yenilikləri mənimsəmək cəhdləri BƏƏ-dən dəstək alır. Xatırladaq ki, Şuşada imzalanmış Süni İntellekt Strategiyasının icrası üzrə Anlaşma Memorandumu bu əməkdaşlığın əhatə dairəsini genişləndirib.

Bütün bunlar göstərir ki, Azərbaycanla BƏƏ arasında münasibətlər sabit və dayanıqlı tərəfdaşlığa çevrilir. Dövlətlərarası sənədlər, biznes əlaqələri. birgə layihələrin reallaşdırılması bu tərəfdaşlığın genişlənməsi üçün yaxşı perspektivlər açır.

MTM Analitik Qrup