AZƏRBAYCANLA BƏƏ ŞİRKƏTİ ARASINDA LOGİSTİKA SAHƏLƏRİNDƏ ƏMƏKDAŞLIQ MÜZAKİRƏ EDİLİB

Azərbaycanla “Abu Dhabi Ports Group” şirkəti arasında gəmi nəqliyyatı, gəmiqayırma və logistika sahələrində əməkdaşlıq müzakirə edilib.

Bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X” sosial şəbəkə hesabında paylaşım edib.

“Dünyanın aparıcı ticarət, logistika və dənizçilik şirkətlərindən olan “Abu Dhabi Ports Group”un nümayəndələri ilə görüş keçirdik. Görüş zamanı şirkətlə gəmi nəqliyyatı, gəmiqayırma və logistika sahələrində əməkdaşlıq imkanlarını müzakirə etdik”, – deyə paylaşımda qeyd edilib.

Qeyd edək ki, “Abu Dhabi Ports Group” Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə yerləşən dövlətə məxsus bir logistika, liman və ticarət şirkətidir. Bu qrup “Abu Dhabi Developmental Holding Company” (ADQ) tərəfindən idarə olunur və BƏƏ-də və daha geniş bölgədə ticarət və logistikanın inkişafında mühüm rol oynayır.