AZƏRBAYCANLA ABŞ ARASINDA İQTİSADİ ƏMƏKDAŞLIĞIN PERSPEKTİVLƏRİ MÜZAKİRƏ OLUNUB

Yanvarın 12-də Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov ABŞ Ticarət və İnkişaf Agentliyinin (USTDA) Yaxın Şərq, Şimali Afrika, Avropa və Avrasiya regionları üzrə regional direktoru Karl Kressin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, görüş zamanı iki ölkə arasında enerji, ticarət, TRIPP marşrutu da daxil olmaqla regional bağlantılar, iqtisadi sərmayə kimi sahələrdə ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və ABŞ-ın özəl sektor nümayəndələrinin ölkəmizdə müvafiq infrastruktur və logistika imkanları ilə tanış olması, əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Ötən ilin avqustun 8-də Vaşinqton Sülh Sammitindən sonra Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması istiqamətində qeyd edilən sahələr üzrə ayrı-ayrılıqda aparılmış ikitərəfli təmaslar və müzakirələr yüksək qiymətləndirilib.

Bundan əlavə, görüşdə Azərbaycanın regionun enerji təhlükəsizliyində mühüm rolu, bərpaolunan enerji resurslarının inkişafının əhəmiyyəti, Orta Dəhlizdə ticarət marşrutlarının şaxələndirilməsi, habelə Azərbaycanda mövcud əlverişli biznes və investisiya mühiti və yeni əlaqələrin qurulması imkanları ətrafında fikir mübadiləsi aparılıb.