
Birmənalı həqiqətdir ki, enerji faktoru dünya iqtisadiyyatının inkişafında daim həlledici rol oynayan əsas amillərdən biri kimi çıxış edib və etməkdədir. Ümumiyyətlə, tarixin bütün mərhələlərində iqtisadi tərəqqi enerji mənbələrinin mövcudluğu, onların səmərəli istifadəsi və əlçatanlığı ilə sıx bağlı olub. Sənaye inqilabından müasir rəqəmsal iqtisadiyyata qədər bütün inkişaf mərhələlərində enerji istehsalın, nəqliyyatın, texnologiyanın və sosial rifahın əsas dayağı kimi özünü göstərib.
Enerji istehsalı və istehlakı iqtisadi artım tempinə birbaşa təsir göstərir. Sənaye, kənd təsərrüfatı, nəqliyyat və xidmət sektorlarının fəaliyyəti dayanıqlı enerji təminatı olmadan mümkün deyil. Qloballaşma prosesləri isə enerji faktorunun əhəmiyyətini daha da artırıb. Bu gün enerji faktoru dünya iqtisadiyyatının inkişafında strateji və çoxşaxəli rol oynayır, dayanıqlı tərəqqinin əsas sütunlarından biri kimi çıxış edir. Bu mənada enerji hasilatçıları olan ölkələrin böyük əksəriyyəti həm özlərinin, həm də dünya iqtisadiyyatının yüksəlişində mühüm rol oynayırlar və Azərbaycan da onlar sırasındadır.
Enerji resurslarından səmərəli istifadə əsasında özünəməxsus inkişaf nümunəsi yarada bilmiş Azərbaycan bu müstəvidə bir çox ölkələrlə, o cümlədən Qərb dünyası ilə genişmiqyaslı əməkdaşlıq əlaqələri yarada bilib. Ölkəmizin bu istiqamət üzrə də etibarlı tərəfdaş olması Azərbaycanla işbirliyinin davamlı şəkildə genişlənməsinə səbəb olmaqdadır. Energetika naziri Pərviz Şahbazov Amerika Birləşmiş Ştatlarına son səfəri kontekstində bunu bir daha görmək mümkündür. Qeyd edilməlidir ki, Vaşinqtonda nazir Pərviz Şahbazov Amerika Birləşmiş Ştatlarının energetika naziri Kris Rayt, ticarət nazirinin köməkçisi və Xarici Ticarət Xidmətinin baş direktoru Devid L.Foqel və Ağ Evin Milli Enerji Üstünlüyü Şurasının icraçı direktoru Jarrod Agen ilə görüşlər keçirib.
Energetika Nazirliyinin məlumatına əsasən, görüşlərdə iki ölkə arasında enerji əməkdaşlığının keyfiyyətcə yeni mərhələyə yüksəldilməsi ilə bağlı məsələlər müzakirə edilib. ABŞ-ın uzun illərdir Azərbaycanın enerji sahəsində etibarlı tərəfdaşı kimi çıxış etməsi, regionda və Avropada enerji təhlükəsizliyinə xidmət edən nəhəng infrastruktur layihələrinin reallaşmasına verdiyi davamlı dəstək məmnunluqla qeyd edilib. Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ lideri Donald Tramp arasında avqustun 8-də keçirilmiş Vaşinqton görüşünün enerji əməkdaşlığını yeni mərhələyə yüksəldən strateji əhəmiyyətindən bəhs edilib. Bu xüsusda, Azərbaycanla ABŞ arasında hazırlanan Strateji Tərəfdaşlıq Xartiyası, habelə TRIPP marşrutunun enerji sahəsində də yeni ikitərəfli və regional xarakterli əməkdaşlığa təkan verdiyi vurğulanıb. Enerji sahəsində sərmayələrin artırılması və regional bağlantılar üzrə infrastrukturun genişləndirilməsi prioritetlərinə uyğun olaraq neft-qaz, elektrik enerjisinin ixracı-tranzit marşrutları, TRIPP və digər interkonnektor layihələri üzrə əməkdaşlıq imkanları müzakirə edilib. Həmçinin “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsi layihəsinin iştirakçısı olan “ExxonMobil” şirkəti ilə əməkdaşlığın genişlənməsi, eləcə də “SOCAR Trading”in Hyustonda çoxşaxəli fəaliyyəti nəzərdən keçirilib. ABŞ şirkətləri ilə texnologiyalar, data mərkəzi də daxil olmaqla müxtəlif istiqamətlərdə mümkün tərəfdaşlıqlar, enerji sahəsində mütəmadi dialoq mexanizminin yaradılması və enerji əməkdaşlığının əhatəli yol xəritəsinin hazırlanması ilə bağlı fikir mübadiləsi aparılıb.
Bütün bunlar o deməkdir ki, qarşıdakı dövr ərzində Azərbaycanla ABŞ arasında enerji sahəsində əməkdaşlıq daha da dərinləşdiriləcək. Burada isə təkcə neft yox, təbii qaz, yaşıl enerji kimi məqamların da yer alacağı şübhəszidir. Fəaliyyətində ABŞ-ın da yer alacağı Zəngəzur dəhlizi işə başladıqdan sonra əməkdaşlıq üçün yeni imkanlar açılacaq. Sözügedən kontekstdə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə xüsusi nümayəndəsi Elçin Əmirbəyov Polşanın “TVP World” telekanalına verdiyi müsahibəsində Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi fikirlər də xüsusi diqqət cəlb edir. Onun sözlərinə görə, Zəngəzur dəhlizi bir neçə məqsədə eyni anda nail olmağa imkan verəcək: “İlk növbədə, o, Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək. Bu marşrut həmçinin üç onillikdən sonra Ermənistanı və Azərbaycanı birləşdirəcək. Bundan əlavə, o, Asiyadan Avropaya alternativ marşrutlardan biri olacaq. Söhbət Asiya və Avropa arasında ticarət həcmlərinin hər iki istiqamətdə artmasına imkan verəcək mühüm nəqliyyat əlaqəsi halqasından gedir. Biz Cənubi Qafqazda möhkəm sülhün bərqərar olmasını istədiyimiz üçün, hər iki tərəf – Bakı və İrəvan – ABŞ-ın vasitəçiliyi ilə bu sülhün bərabər iqtisadi fayda və nəzərəçarpan nəticələr gətirməsi barədə razılığa gəldi”.
İşə düşdükdən sonra Zəngəzur dəhlizi üzərindən enerji resurslarının da ixracı gözlənilir. Bu fonda Azərbaycanla ABŞ-ın da daxil olduğu Qərb dünyası arasında enerji əməkdaşlığının daha da dərinləşməsi proqnozlaşdırılır. Daha bir mühüm fakt isə odur ki, son illərdə sürətlə dəyişən beynəlxalq enerji bazarları, Avropanın enerji mənbələrinin şaxələndirilməsi zərurəti və alternativ enerji sahəsinin inkişafı Azərbaycan-ABŞ enerji münasibətlərini yeni mərhələyə çıxarıb.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu ABŞ tərəfindən yüksək qiymətləndirilir. Xüsusilə son illərdə Cənub Qaz Dəhlizi layihəsi bu baxımdan mühüm əhəmiyyət kəsb edir. ABŞ bu layihəni Avropanın Rusiyadan asılılığının azaldılması və enerji mənbələrinin şaxələndirilməsi baxımından strateji təşəbbüs kimi dəstəkləyir. Azərbaycanın təbii qaz ehtiyatlarının Avropa bazarına çıxarılması regional sabitliyin gücləndirilməsinə və enerji bazarında rəqabətin artmasına şərait yaradır.
Müasir dövrdə enerji əməkdaşlığının dərinləşməsində bərpa olunan enerji sahəsi xüsusi yer tutur. Qlobal iqlim dəyişiklikləri və yaşıl enerji keçidi fonunda ABŞ və Azərbaycan arasında alternativ enerji mənbələrinin inkişafı üzrə əməkdaşlıq genişlənir. Enerji əməkdaşlığı eyni zamanda regional geosiyasətə də təsir göstərir. Azərbaycan Cənubi Qafqazda sabitliyin və əməkdaşlığın təşviqində mühüm rol oynayır, həm ölkəmiz, həm də ABŞ bu rolu eyni zamanda enerji təhlükəsizliyi prizmasından qiymətləndirir. Bununla yanaşı, enerji əməkdaşlığı iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsinə də stimul verir. ABŞ investisiyaları, texnologiyaları və idarəetmə təcrübəsi Azərbaycanın enerji sektorunun modernləşdirilməsində mühüm rol oynayır. Bütün bunlar bir daha təsdiq edir ki, neft və qaz layihələrindən bərpa olunan enerjiyə qədər uzanan Azərbaycan-ABŞ əməkdaşlığı regional və qlobal enerji təhlükəsizliyinə mühüm töhfə verir. Qarşıdakı dövr ərzində yaşıl enerji, texnoloji innovasiyalar və davamlı inkişaf sahələrində əməkdaşlığın daha da genişlənməsi Azərbaycan-ABŞ münasibətlərinin strateji əhəmiyyətini daha da artıracaq.
MTM Analitik Qrup
