
Azərbaycanın xarici siyasət kursunda son illər müşahidə olunan əsas istiqamətlərdən biri coğrafi baxımdan balanslı, məzmun etibarilə çoxşaxəli əməkdaşlıq modelinin qurulmasıdır. Bu kontekstdə ölkəmizin Yaxın Şərq regionu dövlətləri ilə münasibətlərinin qarşılıqlı faydalı əsasda inkişafı diqqəti xüsusilə cəlb edir.
Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə son səfəri ölkəmizin Yaxın Şərq regionu ilə əlaqələrinin yeni inkişaf dinamikası ilə bağlı dolğun təsəvvür yaradır. Yaxın Şərq qlobal siyasətdə və beynəlxalq münasibətlər sistemində strateji əhəmiyyətinə görə xüsusi yer tutur. Region üç qitənin – Asiya, Avropa və Afrikanın kəsişməsində yerləşməklə, tarixən mədəniyyətlərin, əsas ticarət yollarının və geosiyasi maraqların toqquşma nöqtəsi olub. Bu coğrafi mövqe Yaxın Şərqi beynəlxalq nəqliyyat, logistika və enerji marşrutlarının ayrılmaz hissəsinə çevirir. Qırmızı dəniz, Hörmüz boğazı, Süveyş kanalı kimi mühüm keçidlər məhz bu regionda yerləşir və qlobal ticarətin təhlükəsizliyi baxımından həlledici rol oynayır.
Regionun strateji əhəmiyyətini artıran əsas amillərdən biri də enerji resurslarıdır. Dünyanın sübut olunmuş neft və qaz ehtiyatlarının əhəmiyyətli hissəsi Yaxın Şərq ölkələrinin payına düşür. Bu amil regionu qlobal enerji təhlükəsizliyinin əsas mərkəzlərindən birinə çevirir və aparıcı dövlətlərin Yaxın Şərqə marağını artırır. Bu region beynəlxalq təhlükəsizlik baxımından da mühüm əhəmiyyət kəsb edir. Burada mövcud olan münaqişələr, siyasi qeyri-sabitlik və terror təhdidləri qlobal sabitliyə birbaşa təsir göstərir.
Rəsmi Bakı Yaxın Şərqin həm münaqişələrdən əziyyət çəkmiş dövlətləri, həm də aparıcı siyasi-iqtisadi güc mərkəzləri ilə paralel və balanslı münasibətlər qurmağa nail olur. Məsələn, vətəndaş müharibəsindən çıxmış Suriya ilə əlaqələrin son bir ildə intensivləşməsi Azərbaycanın Yaxın Şərq siyasətinin humanitar mahiyyətini ön plana çıxarır. Uzun illər davam etmiş müharibənin ağır nəticələri ilə üzləşmiş Suriyanın bərpası və yenidənqurulması prosesində Azərbaycan strateji müttəfiqi Türkiyə ilə birlikdə fəal mövqe nümayiş etdirir. Ölkəmiz Suriyada bərpa və yenidənqurma proseslərinə qoşularaq həm beynəlxalq mövqelərini gücləndirir, həm də region ölkələri ilə əməkdaşlıq imkanları əldə edir. Ölkəmizin regionda artan fəallığı konkret layihələrin icrası və real nəticələrlə müşayiət olunur.
Bu il iyulun 12-də Suriya keçid hökumətinin rəhbəri Əhməd Əş-Şaraanın Azərbaycana rəsmi səfəri zamanı əldə olunan razılaşmalar ikitərəfli münasibətlərin perspektiv inkişafı baxımından mühüm mərhələ kimi qiymətləndirilir. Səfər çərçivəsində ən mühüm razılaşmalardan biri Suriyaya Azərbaycan qazının ixracı ilə bağlı olub. Rəsmi Bakı bu ixracın yalnız kommersiya maraqları daşımadığını, eyni zamanda, humanitar məqsədlərə və regional sabitliyin möhkəmlənməsinə xidmət etdiyini bəyan edib. Bu layihə Azərbaycanın Yaxın Şərqdə etibarlı, öhdəliklərinə sadiq və proqnozlaşdırılan tərəfdaş imicini daha da gücləndirib.
Qətər Dövləti ilə münasibətlər Azərbaycanın Yaxın Şərq siyasətində enerji və investisiya komponentlərinin güclənməsi baxımından xüsusi yer tutur. Qətər qlobal enerji bazarında aparıcı aktorlardan biri kimi böyük maliyyə və texnoloji imkanlara malikdir. Bakı ilə Doha arasında dialoq enerji təhlükəsizliyi, investisiya əməkdaşlığı və iqtisadi şaxələndirmə sahələrində qarşılıqlı maraqlara əsaslanır. Qətərli iş adamlarının Azərbaycanın qeyri-neft sektoruna marağı ikitərəfli münasibətlərin strateji mahiyyətini gücləndirir.
Azərbaycanın Yaxın Şərq siyasətində diqqət çəkən mühüm məqamlardan biri də Fələstin münaqişəsinə münasibətdə nümayiş etdirdiyi balanslı və ədalətli mövqedir. Regionun ən mürəkkəb problemlərindən biri olan Fələstin məsələsində Azərbaycan beynəlxalq hüquqa, BMT qətnamələrinə və “iki dövlət” prinsipinə əsaslanan mövqeyini ardıcıl şəkildə qoruyur. Rəsmi Bakı Fələstin xalqının legitim hüquqlarını dəstəklədiyini dəfələrlə bəyan edib və humanitar yardım vasitəsilə bu mövqeni praktik müstəvidə təsdiqləyib. Eyni zamanda, Azərbaycanın İsraillə mövcud olan sıx və çoxşaxəli münasibətləri fonunda bu balansın qorunması Bakının müstəqil və prinsipial xarici siyasət kursunun göstəricisidir.
Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətlərin inkişafı də Azərbaycanın Yaxın Şərq siyasətində strateji istiqamətdir. Prezidentin BƏƏ-yə son səfəri bir daha təsdiqləyir ki, Bakı ilə Əbu-Dabi arasında əlaqələr artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. BƏƏ regionun aparıcı maliyyə, logistika və innovasiya mərkəzlərindən biri kimi Azərbaycanın iqtisadi modernləşmə strategiyası üçün mühüm tərəfdaşdır. Xüsusilə yaşıl enerji sahəsində əməkdaşlıq Azərbaycan-BƏƏ münasibətlərinin əsas dayaq nöqtələrindən birinə çevrilib. Ölkəmizin bərpa olunan enerji mənbələrinə keçidi prioritet kimi müəyyən etməsi, Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonası elan olunması BƏƏ şirkətləri üçün geniş imkanlar yaradıb.
Qarşılıqlı sərmayələrin təçviqi də bu münasibətlərin iqtisadi-siyasi mahiyyətini gücləndirir. BƏƏ kapitalı Azərbaycanın enerji, nəqliyyat və daşınmaz əmlak sektorlarına yönəlir, Azərbaycan isə Əmirliklərin maliyyə və logistika layihələrində iştirak imkanları əldə edir.
Ümumilikdə, Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə son səfəri ölkəmizin Yaxın Şərqdə həyata keçirdiyi çoxölçülü, ardıcıl və praqmatik siyasətin məntiqi yekunu kimi çıxış edir. Suriya, Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ ilə paralel və qarşılıqlı faydaya əsaslanan münasibətlər Azərbaycanın regionda etibarlı tərəfdaş imicini möhkəmləndirir. Bu əlaqələr Azərbaycanı təkcə enerji və iqtisadi aktor deyil, həm də humanitar məsuliyyət daşıyan, beynəlxalq hüquqa söykənən və regional sabitliyə töhfə verən mühüm siyasi güc kimi təqdim edir.
MTM Analitik Qrup
