
Dünyada karbohidrogen ehtiyatlarının sürətlə azalması, qiymətlərin davamlı artması və enerji daşıyıcılarının siyasi təzyiq vasitəsinə çevrilməsi dövlətləri daha ucuz, əlverişli və ekoloji baxımdan təhlükəsiz alternativ enerji mənbələrinə yönəlməyə vadar edib. Bu həm enerji təhlükəsizliyinin təminatında, həm də ekoloji problemlərin həllində vacib alət kimi qəbul edilir.
Bərpa olunan enerji mənbələrinə keçidin aktuallığı ekoloji tarazlığın qorunmasının qlobal problemə çevrilməsi ilə əlaqədardır. Yaşıl enerjiyə keçid turizmin inkişafı, ekosistemin mühafizəsi və davamlı inkişafın əsas şərtlərindən biri kimi dəyərləndirilir. Təbii resurslardan səmərəli istifadə, su, torpaq və atmosferin çirklənmədən qorunması məsələləri bu gün dünya dövlətlərinin prioritetlərində xüsusi yer tutur. Məhz bu zərurət 1972-ci ildə qəbul edilmiş Stokholm Bəyannaməsi, 1992-ci il Rio-de Janeyro Bəyannaməsi və digər beynəlxalq sənədlərdə təsdiqini tapıb. “Bioloji müxtəliflik haqqında” Konvensiyanın preambulasında da vurğulanır ki, bioloji müxtəlifliyin qorunması bəşəriyyətin ümumi vəzifəsidir.
Son illərdə dünyada ekoloji təmiz enerjiyə tələbatın artması müşahidə olunur. Xüsusilə Rusiya-Ukrayna müharibəsi fonunda Avropa ölkələri enerji təhlükəsizliyini təmin etmək məqsədilə bərpa olunan və alternativ enerji mənbələrinə üstünlük verirlər. Avropa İttifaqının strateji hədəfi idxal etdiyi neft və təbii qazı alternativ enerji ilə əvəzləməkdir ki, bu da bölgənin iqtisadi və siyasi təhlükəsizliyini möhkəmləndirməyə xidmət edir.
Prezident İlham Əliyevin Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumunda yaşıl enerjiyə keçid mövzusunda səsləndirdiyi fikirlər Azərbaycanın son illərdə həyata keçirdiyi enerji siyasətinin davamlı və məqsədyönlü mahiyyətini bir daha dünyaya nümayiş etdirib. Dövlət başçısı Azərbaycanın enerji strategiyasının əsas prioritetlərindən birinin bərpa olunan enerji mənbələrinin inkişafı olduğunu bir daha qeyd edərək, bu istiqamətdə əldə olunmuş nailiyyətləri, gələcək hədəfləri konkret faktlarla ifadə edib. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan ekoloji dəyərlərə hörmətlə yanaşan, enerji istehsalında kömür və mazut kimi ənənəvi, çirkləndirici mənbələrdən istifadə etməyən ölkələr sırasındadır. Bunun əvəzində, ölkəmiz əsasən su və təbii qaz ehtiyatları hesabına elektrik enerjisi istehsal edir, eyni zamanda günəş və külək enerjisi kimi bərpa olunan mənbələrin potensialını genişləndirir.
Bu yanaşma Azərbaycanın son illərdə müəyyən etdiyi strateji xəttin məntiqi davamıdır. Xatırlatmaq lazımdır ki, 2004-cü ildə təsdiqlənmiş “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı” ölkəmizin bu sahədəki hədəflərini formalaşdırmışıb. Proqram və digər sənədlər əsasında yürüdülən siyasət isə təkcə daxili enerji balansının şaxələndirilməsinə deyil, həm də Azərbaycanın beynəlxalq öhdəliklərinə əməl etməsinə xidmət edir.
Azərbaycan bir tərəfdən yaşıl enerji sahəsində iddialı proqramlar həyata keçirir, digər tərəfdən öz neft və qaz resurslarının iqtisadi inkişaf üçün hələ də vacib olduğunu açıq bəyan edir. Prezidentin çıxışında qeyd etdiyi kimi, ölkəmiz yaşıl keçid proqramı çərçivəsində bərpa olunan mənbələr hesabına enerji istehsalını artırır, lakin bu mərhələdə neft və qaz resursları iqtisadi sabitlik və inkişaf üçün vacib dayaq olaraq qalır.
Azərbaycanın 2030-cu ilə qədər ən azı 6 giqavat gücündə yaşıl enerji istehsalına dair investisiya müqavilələri imzalaması ölkənin bu sahədəki uzunmüddətli hədəflərini göstərir. Bu məqsədlə Qarabağ və Şərqi Zəngəzurda, azad edilmiş ərazilərdə kiçik su elektrik stansiyalarının inşası da vacib əhəmiyyət kəsb edir. Qarabağ və Şərqi Zəngəzurda ümumilikdə 280 meqavat gücündə 30 su elektrik stansiyası istifadəyə verilib. Bütün bunlar azad edilmiş ərazilərin bərpası və dayanıqlı inkişaf modelinin qurulması üçün əhəmiyyətli addımlardır. Bu fakt azad edilmiş ərazilərin bərpası prosesində yaşıl enerji konsepsiyasının vacib yer tutduğunu bir daha təsdiqləyir.
III Şuşa Qlobal Media Forumun gedişi və panel sessiyaları deməyə əsas verir ki, Azərbaycanın yaşıl enerji gündəliyi yalnız ölkə daxilində deyil, beynəlxalq səviyyədə də ciddi maraq doğurur. Bakı ötən il COP29 kimi mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməklə qlobal iqlim gündəliyinin formalaşmasında mühüm rol oynadığını sübut edib. Prezident İlham Əliyev Forumda bu tədbirlə bağlı məqamları da diqqətə çəkərək, Azərbaycanın sədrliyi ilə əldə olunan nailiyyətlərdən bəhs edib. COP29 çərçivəsində karbon bazarlarının fəaliyyəti ilə bağlı illərlə davam edən müzakirələrin nəticə verməsi Azərbaycanın diplomatik fəallığının və qlobal təşəbbüskarlığının göstəricisi olub. COP29-un ən mühüm göstəricilərindən biri isə iqlim dəyişiklikləri ilə mübarizə üçün nəzərdə tutulan maliyyə resurslarının 100 milyard dollardan 300 milyard dollara qədər artırılması ilə verilən mühüm qərar olub. Bu, Azərbaycan sədrliyinin beynəlxalq arenada əldə etdiyi əhəmiyyətli uğurdur və ölkənin Qlobal Cənub ilə Qlobal Şimal arasında körpü rolu oynamaq bacarığını nümayiş etdirir.
Bütün bunlar isə Azərbaycana beynəlxalq enerji bazarında fərqli mövqe qazandırır. Ölkəmiz təkcə neft və qaz ixracatçısına deyil, həm də bərpa olunan enerji sahəsində yeni təşəbbüslərlə çıxış edən, yaşıl enerji ixracını hədəfləyən real gücə çevrilir. Günəş və külək enerjisi potensialının istifadəsi məqsədilə atılan addımlar, Avropaya yaşıl enerji ötürülməsi üçün kabel xətti layihəsi kimi təşəbbüslər Azərbaycanın bu sahədəki perspektivlərini daha da genişləndirir.
MTM Analitik Qrup