Azərbaycanın Xalq artisti, Böyük Teatrın solisti Elçin Əzizov “Birlik ulduzları” mükafatı laureatı olub.
Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu (DHƏF) və MDB-nin Humanitar Əməkdaşlıq Şurası tərəfindən təsis edilmiş “Birlik Ulduzları” mükafatı humanitar sahədə əldə edilən ən yüksək nailiyyətlərə görə MDB-nin əsas mükafatıdır. Bu il 9 ölkənin nümayəndəsi bu mükafata layiq görülüb. Onların arasında Azərbaycanın Xalq artisti, Böyük Teatrın solisti, opera müğənnisi Elçin Əzizov, şair Oljas Süleymenov, MDBMİ-nin rektoru Anatoli Torkunov və başqaları var.
“Birlik Ulduzları” və “Debütlər Birliyi” mükafatları laureatlarına mükafatların təqdimetmə mərasimi dekabrın 21-də Moskvada keçiriləcək.
DHƏF və MDB-nin Humanitar Əməkdaşlıq Şurası tərəfindən təsis edilən “Debütlər Birliyi” gənclər mükafatı bu il Böyük Vətən müharibəsində qələbənin xatirəsinin yaşadılmasına yönəlmiş fəaliyyətə görə verilib.
Mükafatlar qarışıq formatda təqdim olunacaq. Birlik ölkələrindən olan laureatlar mərasimdə onlayn iştirak edəcəklər. Onların şərəfinə səhnədə Rusiyanın Xalq artisti Sergey Skripkanın rəhbərliyi ilə MDB-nin Gənclər Simfonik Orkestri çıxış edəcək.
Mərasimdə Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu, Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy və DHƏF-nin icraçı direktoru Anatoli İksanov iştirak edəcəklər.