AZƏRBAYCANIN VƏ QƏTƏR XARİCİ İŞLƏR NAZİRLİKLƏRİ ARASINDA SİYASİ MƏSLƏHƏTLƏŞMƏLƏR KEÇİRİLİB

Yanvarın 26-da Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Qətər Dövlətində səfərdə olub.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində Azərbaycanın Xarici İşlər Nazirliyi ilə Qətərin Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrin 5-ci iclası keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Qətər tərəfindən isə xarici işlər üzrə dövlət naziri Sultan bin Saad Al Mureyxi rəhbərlik edib.

Məsləhətləşmələr zamanı ikitərəfli siyasi və iqtisadi məsələlər, BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Həmçinin ümumi maraq doğuran bir sıra regional və qlobal məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Ticarət, sərmayə, kənd təsərrüfatı, turizm, təhsil və digər sahələrdə əməkdaşlıq istiqamətləri müzakirə edilib.

Nazir müavini Yalçın Rəfiyev səfər çərçivəsində, həmçinin Qətər Dövlətinin Xarici Ticarət Məsələləri üzrə dövlət naziri Ahmed bin Mohammed Al Sayed ilə görüşüb. Görüşdə Azərbaycan və Qətər arasında Hökumətlərarası Birgə Komissiyanın növbəti iclasının ən qısa müddətdə keçirilməsi, eləcə də qarşılıqlı ticarət missiyalarının və biznes forumlarının təşkil edilməsinin zəruriliyi qeyd olunub.

Yalçın Rəfiyev Dohaya səfəri zamanı Münaqişə və Humanitar Tədqiqatlar Mərkəzində (Center for Conflict and Humanitarian Studies – CHS) də olub, Mərkəzin direktoru Ghassan Elkahlout və ekspertləri ilə görüşüb. Görüşdə Azərbaycanın xarici siyasəti, Cənubi Qafqaz və Yaxın Şərq regionlarında cərəyan edən hadisələr ilə bağlı fikir mübadiləsi aparılıb.

Bundan əlavə, Yalçın Rəfiyev Qətərin Corctaun Universitetinin nəzdində fəaliyyət göstərən Beynəlxalq və Regional Araşdırmalar Mərkəzinin (Center for International and Regional Studies (CIRC)) rəhbərliyi, müəllim və tələbə heyəti ilə görüşüb. Nazir müavini Azərbaycanın xarici siyasət prioritetləri, regional və qlobal məsələlərə dair Azərbaycanın baxışları, eləcə də Ermənistan-Azərbaycan postmünaqişə dövrü, normallaşma prosesi və işğaldan azad edilmiş Azərbaycan ərazilərində aparılan bərpa və yenidənqurma işləri barədə dinləyiciləri məlumatlandırıb və iştirakçıların suallarını cavablandırıb.